Ziya Məmmədovun qardaşının həbsi tələb olunur

Foto: Meydan TV

Elmlər Akademiyasının hüquq şöbəsinin müdiri Kamal Əliyev Ramiz Mehdiyev haqda dediklərinə görə keçmiş deputatın cəzalandırılmasını istəyir

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədova qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırılıb. Onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması tələb olunur.

Fevralın 2-də Səbail Rayon Məhkəməsində bu iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Həmin gün hakim Günel Səmədova bu iddianın icraata götürülüb-götürülməməsi – sabiq deputatın təqsirləndirilən şəxs qismində cəlb edilib-edilməməsinə qərar verəcək.

Sabiq deputatın cəzalandırılmasını tələb edən isə Milli Elmlər Akademiyasının hüquq şöbəsinin müdiri Kamal Əliyevdir.

Bugünlərdə mediaya açıqlamasında Elmlər Akademiyasında baş verənlərə münasibət bildirən Elton Məmmədov Akademiyanın prezidenti Ramiz Mehdiyevi tənqid edib. O iddia edib ki, Ramiz Mehdiyev prezidentin siyasətinə zidd addımlar atır.

“Akademiklər ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməli, bununla bağlı dövlət başçısına müraciət etməlidilər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm, bu gün sözümün üstündəyəm. Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”, – Elton Məmmədov “unikal.org”a açıqlamasında bildirib.

Ramiz Mehdiyev 2019-cu il oktyabrın 23-də Milli Elmlər Akademiyasının prezidenti seçiləndən az sonra – noyabrda Elton Məmmədov Akademiyanın “Yüksək Texnologiyalar Parkı”nın direktoru təyin edilib. 4 ay sonra bu vəzifədən azad edilən sabiq deputat az sonra Akademiyanın İşlər İdarəsinin rəhbəri təyin olunub. Amma qısa müddət sonra bu vəzifədən də çıxarılıb.

Akademiya rəhbərliyilə münasibətlərdəki gərginlik o həddə çatıb ki, Elton Məmmədov işə bərpa tələbilə məhkəmədə iddia qaldırıb. Onun iddiası təmin edilib.

Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Ana səhifəSiyasətZiya Məmmədovun qardaşının həbsi tələb olunur