AXCP fəalının 30 sutka həbs olunduğu bildirilir

Mircəmil Ağayev – Foto: Şəxsi Facebook hesabından

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabirabad rayon şöbəsinin fəalı Mircəmil Ağayevin 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.

Bu barədə noyabrın 4-də AXCP məlumat yayıb. Lakin fəalın hansı ittihamla həbs edildiyi açıqlanmayıb.

Partiyanın məlumatına görə, Mircəmil Ağayev noyabrın 3-də AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin məhkəməsində iştirak etmək üçün Bakıya gəlib. Həmin gün Sabirabada qayıdarkən evinin qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Hadisə ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək hələlik mümkün olmayıb.

Son illər AXCP üzvləri ard-arda həbs olunurlar. Hazırda partiyanın 20-yə yaxın üzvü, o cümlədən sədri Əli Kərimli həbsdədir. Partiya üzvlərinə müxtəlif ittihamlar irəli sürülsə də, AXCP bu həbsləri siyasi sifariş hesab edir.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar. Həmin maddədə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Hər iki siyasətçi ittihamları rədd edir, həbslərinin siyasi motivli olduğunu bildirir.

Hüquq müdafiəçilərinin son hesabatlarına əsasən, Azərbaycanda 322 siyasi məhbus var. Hakimiyyət isə ölkədə siyasi baxışlarına görə həbs edilənlərin olması barədə iddiaları qəbul etmir. Rəsmilər bildirirlər ki, həmin şəxslər siyasi fəaliyyətlərinə görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

Ana səhifə ▸ Xəbərlər ▸ AXCP fəalının 30 sutka həbs olunduğu bildirilir