“Zığ kasıb kənddir, məmurlardan heç kim burda yaşamır deyə baxımsızdır”

Fotolar: Meydan TV

Kənd sakinləri yolların bərbadlığından şikayətçidir

“Zığ-Hövsan-Hava Limanı yolu çəkiləndə sevindik ki, nəhayət, bizim kənd də yada düşəcək. Üstündən illər keçib, amma hər il yalnız vəd edilir, il başa çatır, yollar təmir edilmir”.

Bunu Meydan TV-yə Suraxanı rayonu, Zığ kəndinin sakinləri deyiblər.

Kənd sakini Elmar Əliyev deyib ki, yağış yağan kimi küçələr su ilə dolur. Hətta vəziyyət o yerə çatır ki, darvazalar açılmır, evi giriş-çıxış üçün taxtadan körpü düzəldilir:

“Taksilər də kənd yoluna girmək istəmir, çünki avtomobilin altı dəyir. Zığ şəhərdən bir neçə kilometr kənarda, hava limanına gedən yolun yaxınlığında yerləşir. Amma elə bil ki, hansısa rayonun ucqar kəndidir”.

Sakinlərin sözlərinə görə, Hətəm Allahverdiyev, İdris Süleymanov və digər küçələrdə də vəziyyət eynidir.

“Magistral yoldan dönüb kənddə girən kimi daşlı-torpaqlı, payızdan yaza qədər palçıqlı olan yola daxil oluruq. Zığ kasıb kənddir, villalar yoxdur, məmurlardan heç kim burda yaşamır. Ona görə də baxımsız kənddir”, – Elmar Əliyev deyib.

Zığ kəndini paytaxtın mərkəzindən 25-30 dəqiqəlik məsafə ayırır. Sakinlər küçələrə asfalt örtüyünün çəkilməsi üçün illərdir aidiyyatı orqanlara yüzdən çox məktub yazdıqlarını da qeyd ediblər. Kəndin küçələri işıqlandırılmır.

Zığ Kənd Bələdiyyəsinin sədri Emil Quliyev Meydan TV-yə bildirib ki, İdris Süleymanov küçəsinə yol çəkilməsinə başlanılıb. Tezliklə bir kilometr məsafədə yol təmir ediləcək, asfalt döşənəcək. Həmçinin Hətəm Allahverdiyev və digər küçələrin də təmiri nəzərdə tutulub:

“Yəqin ki, sakinlərin bundan xəbəri yoxdur. Kənd yollarının təmirinə başlanılır”.

Ana səhifəSosial“Zığ kasıb kənddir, məmurlardan heç kim burda yaşamır deyə baxımsızdır”