Zərərçəkənin qızı: Bibim məni şantaj edib

Öldürülənin sevgilisi: ”Füzuli Xalidədən boşanmaq istəyirdi”

Source:


Öldürülənin sevgilisi: ”Füzuli Xalidədən boşanmaq istəyirdi”

İyunun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Fizuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. İclasda məlum olub ki, Xalidə İsgəndərovanın vəkili Cavanşir Süleymanov məhkəməyə ərizə təqdim edib. Həmin ərizədə qeyd olunub ki, mayın 31-də keçirilən prosesdən sonra məhkəmə binasının qarşısında Xalidə İsgəndərovanın qızı Əmanə İsgəndərova və Xalidənin qardaşı İlyas İbrahimov öldürülən Füzuli İsgəndərovun qohumları tərəfindən təhdid olunublar. Bildirilib ki, onlardan Xalidə İsgəndərovanın əleyhinə ifadə vermələri tələb olunub. Əks halda hər iki şahid öldürülməklə hədələnib.

Hakim Əfqan Hacıyev bildirib ki, həmin məsələnin məhkəməyə adiyyatı  yoxdur. Onun sözlərinə görə, hadisə məhkəmə zalında baş vermədiyi üçün həmin hadisə ilə bağlı hər hansı bir qərar qəbul edə bilməzlər: “Məhkəmədən kənarda baş verən hadisələrlə bağlı polis və prokurorluq orqanlarına müraciət edilməsini məsləhət görürük. O qurumlar araşdırma aparar, təqsirli bilinən şəxs məsuliyyətə cəlb olunar”.

Daha sonra prosesdə təqsirləndirilən şəxsin qızı Bülbül İsgəndərova ifadə verib. O, ötən prosesdə atasının anası tərəfindən öldürülməsi barədə söylədiyi ifadəni təkzib edib. Bildirib ki, bibisi Cəmilə Süleymanova ona təzyiq etdiyi üçün yalan ifadə verib. O, yalan ifadə verməsi barədə məhkəməyə ərizə təqdim edib. Hakim həmin ərizəni prosesdə elan edib.  Bülbül İsgəndərova həmin ərizədə qeyd edib ki, bibisi onu şantaj edib. Onun sözlərinə görə, fevralın 25-də Gənclikdə yerləşən ticarət mərkəzində əlavə mal götürdüyü üçün mühafizəçilər tərəfindən saxlanılıb: “Həmin vaxt xalama zəng etsəm də, telefonuma cavab vermədi. Buna görə də məcbur qalaraq bibim Cəmilə ilə əlaqə saxladım. Bibim həmin ticarət mərkəzinə gəldi. Orada məni telefon vasitəsi ilə videoya çəkdi və bildirdi ki, anamın atamı öldürməsi barədə danışım. Mən də məcbur qalaraq onun dedikləri ilə razılaşdım. Bibim dedi ki, əgər onun istədiyi ifadəni verməsəm, ticarət mərkəzindən malları götürməyimlə bağlı videonu hamıya göstərəcək”.

O, iclas zamanı bildirib ki, anası günahsızdır və onun günahsız yerə həbsdə qalmasına dözə bilməz: “Bibim deyirdi ki, Xalidə cəzasını alandan sonra bacım Əmanəni də tutduracaq. Bibimgil atamın qətli ilə bağlı danışanda məni yanlarına qoymurdular. Buna görə də şübhələr yarandı. Övlada ata, ana lazımdı. Heç kim ata, ananın yerini verə bilməz”.

Daha sonra prosesdə Füzuli İsgəndərovun sevgilisi olmuş İradə Baxışova ifadə verib. O, bildirib ki, Füzuli Xalidədən boşanmaq istəyib: “O, Xalidədən ayrılmaq istəyirdi. Amma hörməti olduğu üçün və uşaqlara görə boşanmırdı. Füzuli mənə paltar alırdı, toya gedəndə pul verirdi. Ən çox verdiyi pul 50 manat olub”.

Prosesdə  şahid qismində mərhumun bacısı Cəmilə Süleymanova da ifadə verib. O, ifadəsində bildirib ki,  Xalidə aqressiv qadın olub: “Xalidə deyirdi ki, Füzulu bir gün mənim əlimdə öləcək. Biz qətlin ilk günündən hadisənin onun tərəfindən baş verməsindən şübhələnmişdik”. O, Bülbülü şantaj etmədiyini, onun yalan danışdığını bildirib.

Məhkəmə iclası iyunun 13-də davam edəcək.

Qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Ana səhifəXəbərlərZərərçəkənin qızı: Bibim məni şantaj edib