‘’Zərərçəkənin bağırsağından 2 dəfə telefon çıxarılıb ‘’

MTN generalının apelyasiya şikayətinə baxılır

Foto: Azərtac
MTN
MTN


MTN generalının apelyasiya şikayətinə baxılır

“Sən yaxşı general olsaydın, “poqonlarını” söküb atmazdılar. Sən nəinki general, heç “serjant”a da layiq deyilsən”.

Bu sözləri MTN general Elçin Quliyevə onun işi üzrə zərərçəkmiş olan Maqsud Mahmudov deyib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilmiş Elçin Quliyev və həmin Mərkəzdə işləyib, 8 il cəza alan Azər Mehdiyev hökmün ləğv olunması, onlara bəraət verilməsi tələbi ilə Apelyasiya Məhkəməsinə şikayət ediblər. MTN-çilərin işi üzrə zərərçəkmişlər də hökmdən şikayət veriblər. Onlar isə E.Quliyev və A.Mehdiyevə qarşı mülki iddialarının təmin olunmaması, dəymiş ziyanın ödənilməməsindən narazıdılar.

Martın 15-də Bakı Apelyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrliyilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Maqsud Mahmudov həm 120 min dollarının qaytarılmasını, həm E.Quliyev və A.Mehdiyevin cəzasının ağırlaşdırılmasını tələb edib:

“Mənim halal pulum niyə qaytarılmır? Məhkəmənin hökmündə yazırlar ki, gedib ayrıca iddia qaldıraq, mülki şəkildə həll edək. O pulu məndən MTN-də mülki şəkildə alıblar ki, indi də bunu deyirlər? Mən pulu Azər Mehdiyevə vermişəm. O vaxt restoranımı da əlimdən almışdılar, onu qaytarmışam. İndi də pulumu istəyirəm”.

Təqsirləndirilən polkovnik A.Mehdiyev zərərçəkənin yalan danışdığını söyləyib, onu “bu ölkədəki ən böyük dələduzlardan biri” adlandırıb.

Onun sözlərinə görə, 2015-ci ilin yayında Avropa Oyunlarından dərhal sonra keçmiş nazir Eldar Mahmudovun tapşırığı ilə Maqsud Mahmudov MTN-ə çağrılıb:

“Bu adam hər şeyi yalan danışır. Nazirimiz Eldar Mahmudovun möhürü ilə iş tapşırıldı, mən də öz telefonumla zəng eləyib bu adamı nazirliyə dəvət etdim. O vaxt nazirliyin ali rəhbərliyinin adından istifadə edib dələduzluq eləmişdi. Nazirliyə gəldi, onu rəhbər şəxslərin yanına apardım. Hüquq-mühafizə orqanlarında çalışanlar Maqsudu yaxşı tanıyırlar”.

Təqsirləndirilən general da əlavə edib ki, zərərçəkən M.Mahmudov 4 dəfə cinayət məsuliyyətinə cəlb edilib:

“Bu adam Ruhi-Əsəb Dispanserində yatıb. Sorğu verib, bunu təsdiqlətdirə bilərsiniz. O, həbsdə olan zaman bağırsağından iki dəfə telefon çıxarılıb. Bunu da Penitensiar Xidmətdən dəqiqləşdirə bilərsiniz. Danışdıqlarının hamısı yalandır. Prokurorluqdan soruşun, görün, nə qədər işdə zərərçəkəndir.

Hamını şərləyir. Bu adam MTN-ə Ukraynada Maydan hərəkatında müxalifətlə birgə iştirakına görə çağrılmışdı. Deyir ki, guya pul alıb buraxmışıq. Ali rəhbərliyin tapşırığı ilə çağırılan adamdan pul almaq

olar?”

Zərərçəkən isə təqsirləndirilən MTN-çilərin yalan danışdığını deyib. Bildirib ki, cinayət törədibsə, bəs onu niyə buraxırdılar? Əlavə edib ki, bu cür dövlət məmurlarının ucbatından vətəndaşlar ölkəni tərk

edir.

E.Quliyev və A.Mehdiyevin məhkəməsi martın 30-da davam edəcək.

2015-ci il oktyabrın 17-də MTN-də vəzifəli şəxslərin həbs olunduğu əməliyyatdan sonra E.Quliyev də Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilmişdi. Az sonra isə o, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin olundu. Qısa müddət burada İşləyəndən sonra isə həbs edildi. O, vətəndaşlardan həbs hədəsi ilə pul almaqda, büdcədən MTN-in əməliyyatlarına və agenturaya ayrılan vəsaitlərin mənimsənilməsində, nazirliyin keçmiş əməkdaşını intihar həddinə çatdırmaqda və s. ittiham olunur.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Quliyevin general rütbəsinin alınması üçün Prezident Administrasiyasına, Mehdiyevin polkovnik rütbəsinə görə DTX-ya təqdimat göndərilməsi, onların əmlaklarının müsadirəsinə də qərar verilib.

Ana səhifəXəbərlər‘’Zərərçəkənin bağırsağından 2 dəfə telefon çıxarılıb ‘’