“Çovdarovun göstərişi ilə Əhmədlidəki evimi onun arvadının adına keçirmişəm”
Noyabrın 23-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov, həmin idarənin əməkdaşı Səlim Məmmədov, nazirliyin idarə rəisi Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun növbəti məhkəmə prosesi keçirilib.
Akif Çovdarov vəkilləri ilə görüşə biilmir
Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasa jurnalistlər buraxılmayıb.
Prosesdən sonra vəkillər jurnalistlərə açıqlama veriblər. Onların sözlərinə görə, iclasda Akif Çovdarovun vəkili Şahin Rəfiyev vəsatət verib. O, cinayət işinə xitam verilməsini istəyib. Digər bir vəsatət isə A.Çovdarovun saxlanıldığı təcridxanada vəkilləri ilə görüşünə şərait yaradılmaması ilə bağlı olub. Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.
“Akif Çovdarova 500 min dollar və brilyant vermişəm”
Daha sonra iclasda zərərçəkmiş şəxslərdən qızıl biznesi ilə məşğul olan Şahmar Qurbanov ifadə verib. Vəkillərin sözlərinə görə, Ş. Qurbanov ölkəyə qanunsuz yolla qızıl gətirdiyini etiraf edib. O, Akif Çovdarova 500 min dollar və brilyant verdiyini desə də, nə zaman və harada verməsini xatırlamadığını söyləyib.
Şahmar Qurbanov isə jurnalistlərə açıqlamasında deyib ki, prosesdə Akif Çovdarovun vəkilləri ona iş üzrə aidiyyəti olmayan suallar verib. O, Akif Çovdarova nağd şəkildə 500 min dollar verdiyini söyləyib. Şahid A.Çovdarov və Eldar Mahmudov üçün birlyant gətirdiyini də deyib: “Doqquz ədəd 1 karatlıq, bir ədəd isə 3 karatlıq brilyantı Çovdarovun özünə vermişəm. Eldar Mahmudov üçün isə 2 ədəd 4 karatlıq, 1 ədəd isə 5 karatlıq brilyant gətirmişəm. Çovdarov dedi ki, “Eldar Mahmudova çatacaq. Eldar Mahmudov və Akif Çovdarova verdiyim brilyantların ümumi dəyəri 300 min dollar olub”. Ş.Qurbanov pulu və brilyantı harada və nə vaxt verdiyini xatırlamamısına belə aydınlıq gətirib: “Adamın bir ay əvvəl yediyi yadından çıxır. Necə xatırlaya bilərəm?”
İclasda A. Çovdarovun vəziyyəti pisləşdiyi üçün fasilə elan edilib. O, nəfəs almaqda çətinlik çəkdiyini deyib. Ona tibbi yardım göstərilib.
Mətbuat məhkəməyə buraxılmayacaq
Fasilədən sonra isə iclasda şahid qismində “Riyad” mühafizə xidmətinin rəisi Etibar Qasımov ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə açıqlamasında bildirib ki, prosesə KİV nümayəndələrinin buraxılması barədə vəsatət veriblər, lakin məhkəmə təmin etməyib. Vəkilin sözlərinə görə, iclasda şahid qismində MTN-in sabiq əməkdaşı, hazırda təqaüddə olan İsgəndər Hüseynov ifadə verərək bildirib ki, Şahmar Qurbanov Bakıda bir neçə nəfərə qarşı dələduzluq edib. Belə ki, Şahmar Qurbanov Türkiyədə ticarətlə məşğul olub. Orada Hindistan vətəndaşının dəyəri 100 min dollardan baha olan brilyantını ələ keçirib. Sonradan həmin qızılı Rusiyada satmaq istəyərkən dağıstanlılar əlindən alıb. İsgəndər Hüseynov Şahmar Qurbanovun barəsində axtarış elan edildiyini də dedi”.
Şahmar Qurbanov isə jurnalistlərə açıqlamasında bunu təkzib edib:” İsgəndər Akif Çovdarovun oğlunun kirvəsinin qardaşı, həm də Çovdarovun qonşusudur. Əleyhimə ifadə verməsi də bununla bağlıdır. Çovdarovun göstərişi ilə Əhmədli qəsəbəsindəki evimi onun arvadının adına keçirmişəm”.
Proses noyabrın 28-də davam edəcək.
Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.