Zərərçəkən: Eldar Mahmudov məhkəməyə gətirilməlidir

“Bütün günahları İlqar Əliyevin üstünə atırlar”

Source:
Eldar Mahmudov
Eldar Mahmudov


“Bütün günahları İlqar Əliyevin üstünə atırlar”

İyunun 23-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı olmuş polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Keçmiş MTN əməkdaşı Rafiq Abdullayev ifadəsində deyib ki, Xəzər rayon İcra Hakimiyyətinin müavini Ələkbərov Heydərovdan pul alınmasından məlumatı olmayıb. O bildirib ki, Ə.Heydərov intihar etmiş MTN polkovniki İlqar Əliyevlə nazirlikdə görüşüb.

Elçin Quliyev şahidə “Mənim nazirliyə kimisə gətirmək səlahiyyətim var idi? Ora gələnlərdən nazirə qədər hamının xəbəri olurdu” sualını verib.

Lakin hakim sualı çıxarıb.

Zərərçəkmiş Maqsud Mahmudov isə deyib ki, Eldar Mahmudov məhkəməyə gətirilməlidir: “Bütün günü restoranlarda, toylarda cangüdənləri ilə gəzir. Nəyə görə gəlmir?”

Hakim isə deyib ki, bununla bağlı vəsatət olsa, baxıla bilər.

Digər şahid Aydın Heydərov isə deyib ki, onun atasından MTN əməkdaşları hədə-qorxu ilə pul tələb ediblər: “Biz də borc alıb həmin pulu verdik. Demişdilər, yoxsa oğlunun maşınına narkotik atacağıq. Həmin gündən qorxu içərisində yaşayırıq. Aldığımız borcu hələ də qaytara bilməmişik”.

Zərərçəkmiş Maqsud Mahmudov isə bildirib ki, bütün günahları intihar edən İlqar Əliyevin üstünə atırlar: “Hamısı deyir “İlqar edib”. Digərləri orada nə işləyirdilər? Mən daha prosesə gəlmək istəmirəm. Mənim nazirlikdə halım pis olanda və qaytaranda Rafiq Abdullayev mənə su gətirmişdi. Yalan deyirəmsə, desin”.

R. Abdullayev isə onun dediklərini təsdiq edib.

Zərərçəkmiş Mətləb Mustafayev isə intihar etmiş MTN polkovniki İlqar Əliyevin ifadəsinin oxunmasını tələb edib.

Hakim bildirib ki, İ. Əliyevin ifadəsi tədqiq ediləcək.

Növbəti proses iyulun 7-də keçiriləcək.

E. Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Ana səhifəXəbərlərZərərçəkən: Eldar Mahmudov məhkəməyə gətirilməlidir