O, işğala məruz qalan sonuncu Azərbaycan rayonudur
Oktyabrın 29-da Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il ötür. Rayon 1993-cü ildə işğal edilib. Zəngilan işğala məruz qalan sonuncu Azərbaycan rayonudur.
Rəsmi məlumata görə, Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb.
Zəngilan rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Rayon Bakı–Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşir. İşğal olunanda rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. İqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 34 ümumtəhsil məktəbi, texniki peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Rayonda böyük çinar meşəsi olub. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də var. 1974-cü ildə rayonun ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb və işğal gününə qədər qorunub. Qoruqda qiymətli ağacların olduğu bildirilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.