Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir
Oktyabrın 29-da Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 22 il ötür.
Zəngilan işğala məruz qalan sonuncu rayon olub.
Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Zəngilan Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.
Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Rayon ərazisində 1974-cü ildə yaradılmış Bəsitçay Dövlət Təbiət Qoruğu olub.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.