''Zəlzələ evimizi yararsız vəziyyətə salıb''

Lerik sakini kömək istəyir

“Zəlzələdə evimiz dağıldı. Kəndimizin icra nümayəndəsi gəlib baxdı. Dedi, burada yaşaya bilməzsiniz. Yaşamaq üçün yararsızdır. O gedən getdi. Ondan sonra qapımızı döyən olmayıb”.

Lerik rayonunun Babakücə kəndinin 35 yaşlı sakini Fəqani Cahangirov belə deyir. Bildirir ki, uçan evini düzəltdirəcək maddi imkana sahib deyil.

“Dövlət kömək etsə, edəcək, etməsə, küçədə qalacağıq”

“Elektrik mühəndisiyəm. 200 manatlıq maaşım var. Vergiləri çıxandan sonra hər ay əlimə 170 manat keçir. Bunun müqabilində 5 nəfərlik ailə saxlayıram. 3 körpə uşağım var. Yaşlı anam da bizimlə qalır. Uşaqların xərcini özünüz bilirsiniz. Bunun üstünə anamın dərmanları, müalicəsi və s. də gəlir. Yeməyimizi güclə ödəyirik. Hardan alaq təmir üçün pulu? Dövlət kömək etsə, edəcək, etməsə, küçədə qalacağıq, heç nə”.

“Zəlzələdən sonra həyətdə qalırıq”

F. Cahangirov deyir ki, ötən dəfə zəlzələ olanda evlərində böyük çatlar əmələ gəlibmiş. Bu dəfə isə otağın biri təmiz uçub. Digərləri isə qəzalı vəziyyətə düşüb:

“1972-ci ildə tikilən evdir. Düzdür, ikimərtəbəli idi, təmiri də pis deyildi. Ancaq yaşamaq üçün təhlükəli idi. İndi isə, ümumiyyətlə, içinə girməyə də qorxuruq. Həyətimizdə əlavə əşyaları yığmaq üçün kiçik damımız var. Zəlzələdən sonra orada qalırıq ailəlikcə. Dağlıq bölgədi. Buranın yağışlarını da bilirsiz. Bir-iki həftəyə həyətdə yaşamaq da çətinləşəcək. Uşaqlara isti ev lazımdır”.

“Son 20 ildə Lerikdə belə güclü zəlzələ olmamışdı”

Avqustun 28-də saat 17 radələrində Lerik rayonu ərazisində 15 kilometr dərinlikdə 5.1 gücündə zəlzələ baş verib. Zəlzələ Lənkəran rayonunda da 5.1 gücündə hiss edilib. Qalan ətraf rayonlarda isə 4-3 gücündə hiss olunub.

Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, avqustun 28-də axşam 3,7 və 3,2 gücündə yeraltı təkanlar qeydə alınıb. Avqustun 29-da səhər zəlzələ bölgəsində 60-dan çox afterşok baş verib ki, bu da həmin ərazilərdə enerjinin boşalması ilə bağlıdır.

F. Cahangirov deyir ki, son 20 ildə Lerikdə belə güclü zəlzələ olmamışdı:

“Ara-sıra xırda təkanlar olub, ancaq belə güclüsü yadıma gəlmir. Yadımdadı, mən məktəbə gedəndə zəlzələ olmuşdu. Onda evimizə çat düşmüşdü. Budəfəki zəlzələdə həmin çatlar genişlənib. Ümumiyyətlə, bir otaq tamamilə uçub-tökülüb. Allah üzümüzə baxıb ki, zəlzələ zamanı evdə olmamışıq. Yoxsa, uşaqlar əməlli travma alardı”.

“Gərək həmin evə də komissiya getsin və rəy versin”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, zəlzələdən sonra evində çat olan, evi uçan insanlardan xeyli müraciət alıblar:

“Dediyiniz şəxslər də bizə müraciət etsinlər. Biz müraciətləri alır, sonra həmin evlərə baxış keçiririk. Həqiqətən qəzalı vəziyyətdə olan evlərlə bağlı rayon Fövqəladə Hallar Komissiyası Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlayır. Onlar həmin vətəndaşlara müvafiq köməyi göstərirlər. İndi bilmirəm, evin yenidən tikilməsi üçünmü, yoxsa təmir üçünmü pul ayırarlar. Onu dəqiq deyə bilmirəm. Gərək həmin evə də komissiya getsin və rəy versin”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3fu7i3

Ən çox baxılan