Zelenski Rusiya ilə ola biləcək danışıqların şərtini açıqlayıb

V.Zelenski. Foto: Meydan TV

Prezident NATO üzvlərini Rusiya hava qüvvələrini dayandırmaq üçün hava hücumlarından müdafiə zonası yaratmağı tətbiq etməyə çağırıb

Ukrayna Prezidenti Vladimir Zelenski gələcəkdə Rusiya ilə ola biləcək danışıqlar üçün şərtlərini açıqlayıb. Bildirib ki, Rusiya qüvvələri atəşkəslə bağlı danışıqlara başlamazdan əvvəl “insanları bombalamağı dayandırmalıdır”.

CNN və “Reuters”-ə müsahibə verən Zelenski deyib ki, əvvəlcə insanların başına bomba yağdırmağı dayandırmaq, sonra danışıqlar masasına oturmaq lazımdır.

Prezident NATO üzvlərini Rusiya hava qüvvələrini dayandırmaq üçün hava hücumlarından müdafiə zonası yaratmağı tətbiq etməyə çağırıb.

“Burada söhbət NATO ölkələrini müharibəyə sürükləməkdən getmir. Həqiqət budur ki, hamı çoxdan müharibəyə sürüklənib və şübhəsiz ki, Ukrayna deyil, Rusiya tərəfindən – genişmiqyaslı müharibə aparılır”.

Vladimir Zelenski NATO-ya üzvlüklə bağlı isə bunları deyib:

“Bizim tərəfdaşlarımız Ukraynanı NATO-ya qəbul etməyə hazır deyillər. Çünki Rusiya Ukraynanın NATO-da olmasını istəmir. Bunun olması üçünsə Ukraynaya ümumi təhlükəsizlik təminatları hazırlamalıdır. Bu, o deməkdir ki, bizim ərazi bütövlüyümüz var, sərhədlərimiz qorunur, bizim bütün qonşularımızla xüsusi münasibətlərimiz var, biz tam təhlükəsizik və bizə təhlükəsizliyi verən zaminlər buna qanuni zəmanət verir“.

Martın 1-də Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Parlamentinin fövqəladə iclasına da qoşulub.

Ukrayna Rusiyanın müdaxiləsinə qarşı özünü müdafiə etdiyi üçün Zelenski video-bağlantı vasitəsilə Avropa İttifaqını onlarla birlikdə olduqlarını sübut etməyə çağırıb.
Önlərində Ukrayna bayrağı olan Avropa Birliyi millət vəkilləri Zelenskini ayaqda alqışlayıblar.

Zelenski çıxışında bildirib ki, bu gün ukraynalılar azadlıqlarının “bədəlini ödəyirlər”.

“Sizə sabahınız xeyir, günortanız xeyir və ya axşamınız xeyir deyə bilmirəm. Çünki bəzi insanlar üçün hər gün xeyirli sayılmır. Hətta bəziləri üçün bu gün sonuncudur“.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətZelenski Rusiya ilə ola biləcək danışıqların şərtini açıqlayıb