Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Baş prokurorluğun yaydığı məlumatda bildirilir ki, sentyabrın 28-də Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Müdafiə Sənayesi Nazirliyinin, şəhər polis şöbəsinin və şəhər prokurorluğunun əməkdaşları, həmçinin Nazirliyin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri və təxirəsalınmaz birgə tədbirlərin görülməsinə başlanılaraq yanğının genişlənməsinin qarşısı alınıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, zavodun istehsalat sahəsinə aid konteyner tipli sexində detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı yanğın baş verib, nəticədə zavodun işçiləri Xəlilov Vaqif Valeh oğlu və İsmayılov Sabit Əlisurət oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 223.1-ci (Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
***
Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər
Sentyabrın 28-də Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunda yanğın baş verib. Hadisə nəticəsində iki nəfərin yanıq xəsarətləri aldığı bildirilir.
Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, “Araz” zavodunun VIII sahəsinin ərazisindəki konteynerdə elektrik kəsici alətlə təmir işləri aparılan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib.
Yanğın qısa müddətdə zavodun işçiləri tərəfindən daxili yanğınsöndürmə vasitələri ilə söndürülüb.
Hadisənin baş vermə səbəbi araşdırılır.
Şirvan Şəhər Xəstəxanasından Meydan TV-yə deyiblər ki, yanğında xəsarət almış Şirvan sakinləri-1976-cı il təvəllüdlü Vaqif Valeh oğlu Xəlilov və 1972-ci il təvəllüdlü Sadik Əlsurət oğlu İsmayılov reanimasiya şöbəsinə yerləşdirilsələr də, sonradan Bakıya – Respublika Yanıq Mərkəzinə göndəriliblər.
Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsini əməkdaşı Səfayə Əhmədova da həmin şəxslərin Yanıq Mərkəzinə gətirildiyini Meydan TV-yə təsdiqləyib. Xəstələrin vəziyyətinin ağır olduğu deyilir.
2016-cı il, iyulun 26-da sözügedən zavodun mərmi saxlanc anbarında partlayış baş vermişdi. Həmin vaxt rayon sakinləri 20-dən artıq şəxsin, rəsmi məlumatlar isə 11 nəfərin xəsarət aldığını bildirmişdi. Partlayış səsinin ətraf rayonlarda da eşidildiyi
deyilirdi
.
Rəsmi məlumatda deyilirdi ki, fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.
Sonradan partlayışla əlaqədar Dövlət Komissiyası yaradılsa da, işin halları barədə ictimaiyyətə ətraflı məlumat verilmədi.