Şirvanda partlayış olub, ölənlər var (Yenilənir)

“Araz” zavodunda partlayışdan sonra yanğın başlayıb

Source:


Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.


“Report”un məlumatına görə, sənəddə bildirilir ki, 2016-cı il iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib, nəticədə yaralananlar var.

Dövlət başçısı baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyasının yaradılmasını qərara alıb:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Yavər Camalov – Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının baş prokuroru

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Vilayət Eyvazov – Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Faiq Tağı-zadə – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Mərdan Camalov – Şirvan şəhəri icra hakimiyyətinin başçısı

Sərəncama əsasən, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etməli, görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Baş Prokurorluğuna Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.


***


Müdafiə Sənayesi Nazirliyi Şirvan ”Araz” zavodunda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.

“Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək”, – nazirlikdən bildirilib.


***


Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) zavodda baş verən partlayışla bağlı məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, iyunun 26-da saat 15:30 radələrində FHN-in “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb: “Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir”.

***

Şirvanda baş verən partlayışla bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov və prokurorluğun daha bir neçə əməkdaşı hadisə yerindədir.

Hazırda baş vermiş hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

***

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının “Təcili yardım” maşınları cəlb olunub.

Bu barədə “Report”un bölgə müxbirinə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Səhiyyə Nazirliyindən isə “Report”a bildirilib ki, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Son məlumata görə, yaralıların sayı 20-yə çatıb, onlardan birinin vəziyyəti ağırdır.

Partlayışla bağlı Azərbaycan fövqəladə hallar nazirinin iki müavini hadisə yerinə ezam olunub.


***


Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.


Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək.

***

Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, hadisə barədə nazirlikdə məlumat var: “Hazırda bununla bağlı araşdırma aparılır”.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib.

***

“Araz” zavodunda partlayışdan sonra yanğın başlayıb

Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış olub.  Bu barədə Meydan TV-ə hadisə şahidləri məlumat verib. Zavod Müdafiə Sənayesi Nazirliyinə məxsusdur. Partlayışdan sonra zavodda yanğın başlayıb.

Zavoda yaxın ərazidən əhali təxliyyə olunur.

Ana səhifəXəbərlərŞirvanda partlayış olub, ölənlər var (Yenilənir)