Zavod işçiləri tətil elan ediblər

“Bakı Körpü Tunel” Açıq Səhmdar Cəmiyyətinin  qaynaqçısından tutmuş mühafizəçisinə qədər 65 nəfər işçisi tətil elan edib. İşi dayandıran əməkdaşlar buna səbəb kimi 8 aydır maaşlarının verilmədiyini göstərirlər.

“Gedib uşağa bir söz deyə bilmirik. Əliboş gedirsən, çörək pulun olmur. Mən neçə dəfə demişəm ki, mənim çörək pulum yoxdur, sən mənə çıxarıb 30 manat verə bilmirsən? Çıxar hərəyə bir 30 manat ver, bilək ki, sabahın çörək pulu var. O adam onu eləyə bilmir”.

İşçilər 1 aydır işi dayandırıblar. Pulları verilməsə, işə başlamayacaqlar. Deyirlər ki, hər gün borc-xərclə işə gəlib, pullarının nə vaxt veriləcəyini soruşurlar. Şirkətin direktoru isə iki gün sonra, 3 gün sonra pulunuz veriləcək deyə-deyə 8 aydır onlara pul vermir.

“8 aydır mən işsizəm. Nəyə görə? Mən evdə çörək tapa bilmirəm. Nə qədər mağazadan borc eləməliyəm?! Üç banka borcum var. İki gündən bir bank zəng eləyir ki, pulumu ver. Mənə deyir, evdəki əşyalarını sat, gətir pulumu ver. Mən necə eləməliyəm?!” –işçi Bəxtiyar Qədirov deyir.

Şirkətin direktor müavini Vidadi Paşayev deyir ki, işçilərin maaşının niyə verilməyini bilmir. “O, bizim problemdir. Yəqin ki, buna cavab verən şəxs var. Zavodun mühasibi, müdiri var”.

Şirkətin mühasibi Etibar adlı şəxs bildirir ki, onun özü də 1 ildir maaş ala bilmir. Deyir, bu problem onluq deyil, ümumrespublika problemidir. Devalvasiyadan sonra şirkətin işi düz getmir. O, işçilərə nə vaxt maaş veriləcəyini bilmir. Amma deyir ki, hazırda onlara maaş vermək  mümkünsüzdür.

“Bizi bu günə “naloq” qoydu, bəzi dövlət məmurları qoydu. Mən indi onu demək istəmirəm. Sosial Müdafiə Fondu mənə 12 min cərimə yazıb. Doqquz banka müraciət eləmişəm, heç biri kredit vermir”.

Mühasib açıqlayır ki, şirkətin direktoru Zakir İbrahimov vergi borcuna görə ölkədən buraxılmır. Onun ölkədən çıxışına qadağa qoyulub.

“Bakı Körpü Tunel” Açıq Səhmdar Cəmiyyəti 1999-cu ildə yaradılıb. Vergilər Nazirliyinin saytında qeyd olunub ki, şirkətin 751.420 manat nizamnamə kapitalı var. Şirkət dəmir-beton məmulatlarının istehsalı ilə məşğul olur.

Şirkətin işçiləri deyir ki, maaşları verilməsə, Prezident Administrasiyasına şikayətə gedəcəklər.

Ana səhifəVideoZavod işçiləri tətil elan ediblər