Zaur Qurbanlı: Mənə müsbət xasiyyətnamə verən icra nümayəndəsi işdən çıxarılıb

Rafael Manafov: ”Zaur Qurbanlı işin mahiyyətinə varmadan yazıb”

Foto: Zaur Qurbanlının şəsi arxivi
Bir yaşlı Atillanın atası Zaur Qurbanlı
Bir yaşlı Atillanın atası Zaur Qurbanlı


Rafael Manafov: ”Zaur Qurbanlı işin mahiyyətinə varmadan yazıb”

“Azad olunmağımdan 3 il 9 aydan çox vaxt keçib. Amma mənə qarşı repressiya hələ də davam edir”.

Bu sözləri öz “Facebook” səhifəsində ictimai fəal, hüquqşünas Zaur Qurbanlı yazıb.

2014-cü ildə “Əsgər ölümlərinə son!” aksiyasından sonra həbs edilən Zaur Qurbanlı 2015-ci ildə prezident İlham Əliyevin Əfv sərəncamı ilə azadlığa çıxıb. O, beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınırdı.

Zaur Qurbanlı deyir ki, bir müddət əvvəl məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı Şəki rayon Məhkəməsinə müraciət edib: “Ağır cinayətə görə məhkum olunduğumdan azad olunandan sonra 6 il üzərimdə məhkumluq qalmış hesab edilir. Məhkəməyə təqdim etdiyim sənədlərin arasında yaşayış yerindən verilmiş Xasiyyətnamə də olub. Xasiyyətnaməni qeydiyyatda olduğum kəndin icra nümayəndəsinin müavini imzalayıb.

Xasiyyətnamədə mən müsbət xarakterizə olunmuşam, siyasi, bu hökumətin dili ilə desək, siyasiləşmiş heç bir ifadə, fikir olmayıb. Məhkəmə bitdi, ərizəm təmin edilmədi. Məhkəmə qərarı ilə razı deyiləm, amma bu, başqa söhbətdir. Ya hakim, ya da prokuror mənim barəmdə verilmiş xasiyyətnaməni göndərib Şəki Rayon İcra Hakimiyyətinə. Nəticədə barəmdə Xasiyyətnamə vermiş Şəki rayon Qayabaşı kənd icra nümayəndəsinin müavini işindən azad olunub”.

“Qərarın hansı səviyyədə verildiyini bilmirəm, amma 4 il əvvəl siyasi məhbus olmuş biri üçün müsbət Xasiyyətnamə verilməyin qadağan edilməsi, buna görə adamın vəzifəsindən kənarlaşdırılması hüquqazidd, biabırçı davranışdır”, – deyə Zaur Qurbanlı vurğulayır.

Lakin Şəki Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları iş şöbəsinin müdiri Rafael Manafov onun dedikləri ilə razılaşmır. Rafael Manafov Meydan TV-yə deyib ki, Zaur Qurbanlının yazdığı yanlışdır:

“Bizim Zaur Qurbanlının fəaliyyət ilə bağlı heç bir problemimiz yoxdur ki, kimisə işdən çıxardaq. Zaur Qurbanlı işin mahiyyətinə varmadan yazıb”.

Ana səhifəXəbərlərZaur Qurbanlı: Mənə müsbət xasiyyətnamə verən icra nümayəndəsi işdən çıxarılıb