İcra başçısının sevimli MMC-ləri
Zaqatala Rayon İcra Hakimiyəti Nəzir Muradova məxsus şirkətlərə yalnız ərzaq təminatı üzrə keçirilən tenderlərdə yaşıl işıq yandırmaqla kifayətlənməyib. Muradovun şirkətləri icra hakimiyyətinin tikinti abadlıq işləri, dəftərxana ləvazimatlarının, avadanlıqların alınması üzrə keçirilən tenderlərin də “qalib”idir. Satınlamalar üzrə Dövlət Agentliyinin rəsmi internet saytındakı məlumatlara əsasən, ərzaq təminatı üçün keçirilən tenderlərin qalibi olan “Ticarət-MS” MMC və “İstehsal -S” MMC eyni zamanda rayonundakı uşaq bağçalarının, xəstəxanaların təmir işlərinin və digər müsabiqələrin də qalibi olub.
“Ticarət-MS” MMC
Zaqatala şəhər 10 saylı uşaq bağçasının təmiri – 12004,94 manat
Zaqatala şəhər 4 saylı uşaq bağçasının təmiri – 9856,76 manat
Zaqatala şəhər 7 saylı uşaq bağçasının təmiri – 18667,26 manat
Mazıx kənd uşaq bağçasının təmiri – 10283,76 manat
Kəpənəkci kənd icra nümayəndəliyinin və bələdiyyənin yerləşdiyi binanın təmiri – 62855,9 manat
Zaqatala RİH-nin inventarın satın alınması – 8090 manat
Zaqatala RİH digər maşın və avadanlıqlarının satın alınması – 7896 manat
Zaqatala RİH avtomobil ehtiyat hissələrinin satın alınması – 5485 manat
Zaqatala şəhər icra nümayəndəliyi dəftərxana ləvazimatlarının satın alınması – 19100 manat
Göyəm kənd həkim məntəqəsinin təmiri – 15407.01 manat
Vərəm xəstəlikləri xəstəxanasının təmiri – 1051.84 manat
Zilban kənd məntəqəsinin bərpası və yenidən tikilməsi – 23266.94 manat
Göyəm kənd həkim məntəqəsinin əsaslı təmir işlərinin satın alınması – 26730.4 manat
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cari təmir işlərinin satın alınması – 21981.61 manat
“Ticarət-MS” MMC ayrılan satınalma və təmir vəsaitinin ümumi məbləği – 242680,42 manat
Zaqatala şəhər 10 saylı uşaq bağçasının və Göyəm kənd həkim məntəqəsinin təmiri üçün bir ildə 2 dəfə maliyyə vəsaiti ayrılıb. Eyni müəssisələr üçün keçirilən müsabiqədə eyni şirkətin qalib olması da diqqət çəkən məqamlardan biridir.
“Ticarət-MS” həmcinin Zaqatala rayon Təhsil şöbəsinin keçirdiyi dəyəri 55412.2 manat olan cari təmir işlərinin satınalınması üzrə keçirilən müsabiqənin qalibi olub.
Ərzaq təminatı, avadanlıqların satın alınması, təmir tikinti işlərini həyata keçirən “Ticarət-MS” MMC eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin tədbirlərinin satınalınması üzrə müsabiqəsinin də qalibidir.
Zaqatalada ərzaq tədarükü və təmir-tikinti işlərini həyata keçirən “İstehsal-S” MMC həm də Gənclər və İdman Nazirliyinin Zaqatala Gənclər və İdman İdarəsinin tədbirlərini təşkil edib.
Nəzir Muradova məxsus digər müəssisə “İstehsal –S” MMC Zaqatala şəhər 9 və 10 saylı uşaq bağçalarının təmiri üçün 25219,76 manat dəyərində olan tenderin də qalibidir.
Qışda qeydə alınan şirkətlər
Zaqatalada 2012 və 2013-cü ilərdə keçirilən tenderlərin reystr siyahısında araşdırma apararkən maraqlı faktla qarşılaşdıq. 2013-cü ildə Zaqatalada keçirilən tenderlərin qalibi olan şirkətlərin sahibləri 2012-ci ildə keçirilən tenderlərin də qalibi olublar. Sahibkarlar eyni olsada şirkətlər başqa ad altında tenderlərdə iştirak edib.
2012-ci ildə Zaqatalada keçirilən tenderlərin əksəriyyətinin qalibi, “Uğur-MS” MMC, “Şəms-MS” MMC və “Şəhər İstehsal” MMC olub. Bu MMC-lər Zaqatalada keçirilən ərzaq təminatı, dəftərxana ləvazimatlarının alınması, təmir-tikinti və s. dövlət sifarişlərini icra ediblər. Vergilər Nazirliyinin rəsmi internet səhifəsində apardığımız araşdırmalar zamanı “Uğur-MS” MMC-nin və “Şəms-MS” MMC –nin eyni gündə – 30 dekabr 2011-ci ildə yaradıldığı və Zaqatala şəhəri A. Həmidov küçəsi, ev 74, mənzil 6 ünvanında qeydə alındığı məlum oldu.
Xatırladaq ki, həmin ünvanda ümumilikdə 4 MMC qeydiyyatdan keçib.
Zaqatalada 2012-ci ildə keçirilən coxsaylı tenderlərin digər qalibi isə 2012-ci ilin yanvarın 11-də qeydiyyatdan kecən “Şəhər İstehsal” MMC-dir.
Bu müəssisənin təsisçisi Zaqatala Kooperativ Cəmiyyətidir. Cəmiyyətin sədri isə Nəzir Muradovdur. Ümumiyyətlə N.Muradova bir-başa bağlı olan azı 7 şirkət (sxem-3) Zaqatalada tenderlərin daimi qalibi olub. Qalib şirkətlərin bir qismi tenderlər keçirilməzdən az əvvəl – dekabr və yanvar aylarında təsis ediliblər. Xatırladaq ki, satınalmalar haqqında qanunvericilik tenderlərdə müvafiq sahədə təcrübəsi olan şirkətlərə üstünlük verilməsi öhdəliyini nəzərdə tutur.
Qeyd edək ki, sorğumuza cavab verən N.Muradov yuxarıda adı çəkilən MMC-lərin sahibi olduğunu təsdiq edib.
(embedded content removed)
Müəmmalı MMC
2013-cü il avqust ayının 22-də qeydə alınan “Təmir Tikinti Abadlıq” MMC həmin ildə Zaqatala İcra Hakimiyyəti tərəfindən keçirilən bir sıra tender müsabiqələrinin qalibi olub.
1. H. Əliyev prospekti, Ü. Sadıqov və Qarabağ küçələrinin əsaslı təmir və bərpa işlərinin satın alınması – 320000 manat
2. Əsaslı təmir və bərpa işlərinin satın alınması – 150000 manat
3. Şəhər küçələrində carı təmir işlərinin satın alınması – 420000 manat
4. Abadlıq işlərinin satın alınması – 14200 manat
5. Əsaslı təmir və bərpa işlərinin satınalınması – 150000 manat
Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Təmir Tikinti Abadlıq” MMC 22 avqust 2013-cü ildə təsis edilib. Ağcabədi şəhəri Taxta Körpü ünvanında yerləşən MMC-nin qanuni təmsilçisi Zeynalov Elşən Telman oğludur. “Təmir Tikinti” MMC təsis olunduqdan dərhal sonra Zaqatalada keçirilən tenderlərin qalibi olub. Tender komissiyası əvvələr hər hansı bir layihəni həyata keçirməyən, iş təcrübəsi olmayan və tikinti üçün tələb edilən lisenziyaya malik olmayan MMC-ni hansı əsaslarla tenderlərin qalibi elan etdiyi aydın deyil.
Elə bu qaranlıq məqama aydınlıq gətirmək üçün Zaqatala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etdik. İH-də bu suallara cavab verəcək şəxsin icra başçısının 1-ci müavini Elman Ramazanov olduğunu dedilər. O isə telefonlara cavab vermir.
İqtisadcı ekspert Natiq Cəfərlinin bildirdiyinə görə, tikinti işlərinin həyata kecirilməsi üçün müvafiq icazə (lisenziya) alınmalıdır: “Əsaslı təmir, tikinti, elektrik xətlərinin cəkilməsi və s. işlər üçün lisenziya almaq lazımdır. Lisenziyaların alınması üçün müəyyən zaman tələb olunur. Lisenziya almaq istəyən müəssisə yoxlanılır. Kadrlar barədə
məlumatlar, eləcə də texniki avadanlıqlar hərtərəfli araşdırıldıqdan sonra lisenziya verilir. Yeni qeydiyyatdan kecən MMC-nin dərhal lisenziya alması mümkün deyil. Bu baxımdan Zaqatalada keçirilən tenderlərdə iştirak edən bir sıra şirkətlərin dövlət satınalmalarda iştirakı qanunun tələblərinə ziddir ”.
Məsələ ilə bağlı sorğumuza cavab verən N. Muradov əsaslı təmir, bərpa işlərini həyata kecirdiklərini inkar etdi: “Biz cari təmir işlərini həyata keçirmişik. Bunun üçün lisenziya tələb olunmur”.
Zaqatala İcra Hakimiyyətindən tender müəmmaları ilə bağlı suallarımıza cavab verən tapılarsa, aşağıdakı sualları ünvanlamaq niyyətindəyik:
SUALLAR
1. Zaqatalada 2012-2103-cü illər ərzində kecirilən tenderlərdə (ayrı-ayrılıqda) iştirak edən bütün tərəflər (uduzan) barədə məlumat vermənizi xahiş edirik.
2. Hansı səbəblərə görə Zaqatalada keçirilən tenderlərin böyük əksəriyyətində Nəzir Muradova bağlı MMC-lər qalib olur?
3. 2013-cü ilin avqustunda yaradılan “Təmir Tikinti Abadlıq” MMC hansı keyfiyyətlərinə görə yarandıqdan dərhal sonra Zaqatalada iri məbləğli tenderlərin qalibi olub? Əvvələr he, bir iş görməyən, təcrübəsi olmayan MMC hansı əsaslarla tender müsabiqəsinə buraxılıb?
4. Eyni MMC-lərin Zaqatala İcra Hakimiyyətinin dəftərxana ləvazimatının alınmasından tutmuş, xəstəxanaların tikintisinə qədər bütün işləri həyata kecirməsində, həmin MMC-lərin həqiqi sahibi olan Nəzir Muradovla Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə arasında olan münasibətlər rol oynayıbmı?
Cavablarınızı gözləyirik.
Araşdırmanı hazırladı: Əfqan Muxtarlı