Zakir Həsənovun dövründə orduda nə dəyişdi? – MÜQAYİSƏLİ CƏDVƏL

Daxili Qoşunlar komandanı Zakir Həsənov müdafiə naziri təyin oldunduqdan sonra…

Source:

Deməli belə. Bir il bundan əvvəl biz Azərbaycan Silahlı Qüvvələrində ciddi problemlərin olması barədə fikirlərimizi bəyan edirdik. Daxili Qoşunlar komandanı Zakir Həsənov müdafiə naziri təyin oldunduqdan sonra isə bir çoxları ordudakı problemlərin həll olunacağını düşünürdü. Yeni nazirə ünvanlanmış əsas suallar belə idi: əsgər ölmlərinin qarşısı alınacaqmı? Orduda korrupsiyaya və rüşvətxorluğa son qoyulacaqmı? Azərbaycan Ordusu NATO standartlarına keçəcəkmi? Cəmiyyətlə əlaqələr qurulacaqmı? Bir müddətdən sonra Müdafiə Nazirliyinin bütün bu və digər suallara cavabları hamıya bəlli oldu. Beləliklə, Z.Həsənovun müdafiə naziri təyin olunmasından bu yana təxminən 1 il 1 ay keçəndən sonra müqayisəli vəziyyət belədir:


Səfər Əbiyev dövründə


Zakir Həsənov dövründə

Orduda mənəvi-psixoloji durumun kəskinləşməsi və nəticədə orduda qeyri-döyüş itkilərinin artması

2014-cü ildə mətbuatda və sosial şəbəkələrdə yayılmış məlumatlara görə, qeyri-döyüş itkilərinin sayında azalma müşahidə olunmayıb, əslində bəzi göstəricilər (intiharlar, qeyri-nizamnamə halları) üzrə qeyri-döyüş itkiləri artıb

Hərbi qulluqçuların sosial təminatının aşağı olması və bunun nəticəsində zabitlərin və gizirlərin məvaciblərinin azlığı

Zakir Həsənovun nazirliyi dövründə hərbi qulluqçuların məvacibləri artırılmayıb. Son bir ildə hərbi qulluqçuların sosial təminatının yüksəldilməsi istiqamətində hər hansı effektiv addımlar atılmayıb.

Silahlı Qüvvələrdə rüşvət və korrupsiyaya dair çoxsaylı şübhələr, cəmiyyət qarşısında hesabatlılığın və şəffaflığın olmaması

Orduda rüşvət və korrupsiyaya dair şübhələr davam edir. Zakir Həsənov KİV-ə açıqlamasında korrupsiyaya qarşı mübarizə aparılacağını bəyan etsə də, bu istiqamətdə nazirliyin hər hansı fəaliyyət sənədi ictimaiyyətə bəlli deyil. Cəmiyyət qarşısında hesabatlılıq və ümumiyyətlə, şəffaflıqdan söhbət gedə bilməz. Prezident İlham Əliyevin imzaladığı son qərarla ordunun daha da qapalı olması rəsmiləşdirilib

Təhlükəsizlik və Müdafiə sektorunda insan haqlarının qorunmasına dair qanunvericilik bazasının təkmilləşdirilməməsi

Son bir il ərzində Təhlükəsizlik və Müdafiə sektorunda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hər hansı ciddi dəyişiklik həyata keçirilməyib. İnsan haqlarının qorunmasının gücləndirilməsinə dəlalət edən məqamlar ortada yoxdur

Orduya ictimai nəzarətin həyata keçirilməsinə və mediaya açıqlığa meylin olmaması

Bu istiqamətdə hər hansı proses yoxdur. Son durum onu göstərir ki, Müdafiə Nazirliyi tamamilə orduya ictimai nəzarət ideyasına və mediaya açıqlığa qarşıdır. Son proseslər göstərir ki, faktiki olaraq tək-tük müstəqil media Müdafiə Nazirliyindən asılı vəziyyətə salınır.

Ordudakı ölümlərə görə cəzalandırma mexanizminin mövcud olmaması və bu istiqamətdə ictimaiyyətə məlumatların verilməməsi

Proses ümumiyyətlə, qapalıdır. Baş verən ölümlərə görə kimlərinsə cəzalandırıldığı ictimaiyyətə bəlli deyil.

Hərbi qulluqçuların (xidmətdə və ehtiyatda olanlar) mənzil problemi

Bu istiqamətdə hər hansı diqqətçəkən irəliləyiş müşahidə olunmur. Hərbi ekspertlərin məlumatlarına görə, minlərlə hərbi qulluqçu (xidmətdə və ehtiyatda olanlar) evsiz durumdadırlar

Müdafiə Nazirliyinin hərbi qulluqçulara və ehtiyatda olanlara olan borclarının ödənilməməsi

Bu istiqamətdə durum demək olar ki dəyişməyib. İstifadə olunmamış əşya və əmlak borclarının ödənilməsi istiqamətində bir sıra addımlar atılsa da, istifadə olunmamış məzuniyyət haqlarının ödənilməsi (xüsusilə ehtiyatda olanlara) və vaxtilə ön xətdə xidmətə görə verilməli olan 3-cü qat əmək haqqının ödənilməsi istiqamətində hər hansı addımlar gözə dəymir

NATO standartlarının tətbiqinin dayandırılması

Son durum onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində NATO-nun müxtəlif sənədləri üzrə islahatların həyata keçirilməsi prosesi ilə bağlı hər hansı yenilik yoxdur. Prosesin dayandırılması davam edir. Hətta vəziyyət o yerə gəlib çıxıb ki, Azərbaycan tərəfi NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (Individual Partnership Action Plan) növbəti – 4-cü mərhələsinin razılaşdırılması prosesini ləngidir.

Silahlı Qüvvələrin quruculuq planının olmaması

Bu ilin iyun ayında Zakir Həsənov Silahlı Qüvvələrin quruculuq planının hazırlanması xəbərini bəyan etdi. Amma bu proseslə bağlı ortada hər hansı yeni informasiya yoxdur.

Kadr böhranı

Zakir Həsənovun dövründə yüzlərlə zabitin vəzifəsi dəyişdirilib, bəziləri ehtiyata göndəriliblər. Amma əsas problem – Azərbaycan Ordusunda Əbiyev dövründə qanunsuzluqların nəticəsi olaraq yaranmış kadr böhranının həlli istiqamətində konkret addımlar atılmayıb. Bu istiqamətdə hər hansı strategiya sərgilənməyib.

Silahlanma və hərbi texnika problemi

Zakir Həsənovun rəhbərliyi dövründə Silahlı Qüvvələrin silahlanma strategiyası ictimaiyyətə açıq deyil. Hər il böyük miqdarda vəsaitin silahlanma və hərbi texnikaya xərclənməsinin necə əsaslandırılması cəmiyyətdən qapalı saxlanılır

Parlament qarşısında hesabatlılıq problemi

Zakir Həsənov nazir olduğu müddətdə parlament qarşısında hesabat verməyib. Beləliklə, Müdafiə Nazirliyinin parlament qarşısında nə dərəcədə hesabatlı olması ilə bağlı yaranmış problem davam edir.

Beləliklə, göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələrinin ciddi problemləri qalmaqda davam edir. Sual oluna bilər ki, Zakir Həsənov gələndən bəri orduda təlimlər, döyüş məşğələləri artıbsa, bunlar ordunun gücünün artmasının əlaməti deyilmi? Cavabım belədir ki, xeyr, əlaməti deyil. Çünki müasir orduların gücü insan faktoruna nə dərəcədə önəm verilməsindən asılıdır. Silah və hərbi texnikanın müasir və çox olması yaxşıdır (əslində bu başqa söhbətin mövzusudur və bu məsələdə ciddi və əsaslı şübhələr ola bilər), amma onları idarə edəcək insanların hansı durumda olması qat-qat vacibdir. Əgər ordumuzdakı zabitlərin və gizirlərin təminatı, məvacibləri onların və ailələrinin sosial rifahlarına bəs edəcək səviyyədə deyilsə, çoxları mənzilsizdirsə, ölümlər artırsa, korrupsiyaya dair şübhələr varsa, onda hansı güclü ordudan danışmaq olar?


P.S. Əvvəlcədən onu bəyan edim ki, bu yazı vətənini dövlətini, millətini sevən, onun ordusunun güclü olmasını istəyən bir şəxsin – mənim beynimin məhsuludur. Bu yazı heç də “erməni dəyirmanına su tökmək” məqsədilə yazılmayıb. Eyni zamanda yazının “erməni dəyirmanına su tökmək” məqsədilə yazıldığını düşünən insanların azad düşünmə haqqına hörmət edilir. Həqiqət hər cür yalandan daha üstündür – bu da mənim düşüncəmdir.

Ana səhifəMənim FikrimcəZakir Həsənovun dövründə orduda nə dəyişdi? – MÜQAYİSƏLİ CƏDVƏL