Zahid Oruc: ”Hakimiyyətdə çürük meyvələr var” (VİDEO)

“İndiki icra başçılarının böyük əksəriyyəti gedəcək”



İndiki situasiyada suallar daha çox hakim komandayadır, təəssüf ki, Meydan TV daxil olmaqla müstəqil mətbuat bu imkandan məhrumdur.



Bugünədək hakimiyyətin siyasətini müdafiə edən deputatlara etdiyimiz müraciətlərdən yalnız biri cavab verdi. Zahid Orucla söhbətimizdə gündəmin əsas suallarını əhatə etməyə çalışdıq.


– Zahid müəllim, 21 dekabr devalvasiyasından sonrakı bəyanatlarınız sosial şəbəkələrdə və mətbuatda daxili qarşıdurmaların təzahürü kimi qiymətləndirilirdi. Bəzən xalqın mənafeyindən çıxış kimi dəyərləndirilsə də, icazəli qəhrəmanlıq olduğu da qeyd olunurdu.


Bu mənada həmin fikirlərin fonunda vəziyyəti necə qiymətləndirirsiniz?

– Mənim üçün bu müsahibəni vermək ikiqat asandır. Ona görə ki, siz bu parlamentin daxili həyatını tanıyırsınız, ötən on illərdə müzakirələrə şahidlik etmisiniz. İstəmirəm ki, fəaliyətimin xronikasının sadalayım. Yalnız bir element deyəcəm, Zahid Oruc olaraq parlamentdə xalqın mənafeyinə dayanan yüzlərlə təklif səsləndirmişəm. Bəzən hakim mövqelərdən nisbətən fərqli siyasi fəaliyyət kimi sayıla bilərdi, amma mən parlamentdə Səfər Əbiyevin istefasını tələb etmişəm, ünvanlı yardımlarda baş verən çox böyük soyğunçuluqların olduğunu demişəm, «6 ay mənim, 6 ay sənin» siyasətinin ünvansız yardıma çevrildiyini, prezident tərəfindən müəyyənləşmiş bu qədər qüdrətli siyasətin yerlərdə müvafiq nazirliyin əli ilə qüsurlu icra olunduğunu söyləmişəm. Yaxud hərbi komissarlıqıların keçmiş sovet komissarlıqlarının eyni olduğunu demişəm və bu ideoloji yanaşmalardan doğan qurumları ləğv etməyə çağırmışam. Demək istəyirəm ki, son hadisələrlə bağlı reaksiyalarımız cəmiyyət, dövlət maraqlarını əsas tutaraq, bir az narahatlıqdan doğan və hökuməti daha fəal şəkildə prezident tərəfindən qoyulan vəzifələri icra etməyə çağırışlardır. Bunlar bizim şəxsimizi tanıyanlar üçün təəccüblü olmadı. Amma üzərimizdə müxtəlif gəzişmələr edən, bizi qəhrəmana çevirən, yaxud yenə də əvvəlki təhqir «sunami»lərini üstümüzə yönəldənlərlə işimiz ola bilməz. Əlbəttə, biz Çe Gevara deyilik. Amma onun da fərqindəyik ki, bu dövr ərzində həyatımızı, bütövlükdə siyasi çalışmalarımızı xalqımız üçün etmişik. Ekran versiyasında fəaliyyət xeyli asandır. Yəni əlçatan bir janrdır. Qələm fəaliyyəti də, monitor arxasında, virtual məkanda çox böyük gəzişmələr etmək də ağırlıqlar tələb etmir. Amma gerçək olaraq insanların yanında olmaq, minlərlə vətəndaşın işinə yarımaq, müxtəlif hökumət orqanlarının qapısını döymək, hökumət rəhbəri ilə əhalinin sosial problemlərinin həllində iştirak etdikdən sonra gəlib parlamentin tribunasında o cür danışmaq asan olmur. Ona görə həmin dövrdəki çağırışlarımız nə icazəli qəhrəmanlıqdır, nə də konkret olaraq hansısa qarşıdurmanın predmeti sayıla bilər. Əvvəla, bu qruplaşmaları tanımamışam. İkincisi, hökumət müxtəlif nomenklatur şəxslərdən ibarətdirsə, orada da ayrı-ayrı insanların bir-birindən fərqli mövqeyi ola bilər. Heç zaman kiminsə mənafeyini üstünləşdirən, onu qabardan və başqalarını aşağılayan mövqe tutmamışam.


– Mən bir açıqlamanızı yada salmaq istərdim.


S


abiq YAP-çı deputat Gülər Əhmədova həbs olunan ərəfədə siz “Ramiz Mehdiyev qayıdacaq və hər kəsi cəzalandıracaq” deyə bəyanat verdiniz. Yaxud sabiq deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun Ramiz Mehdiyev barədə sərt fikirləri hərənizin hakimiyyət daxilindəki


müxtəlif cəbhələrdə


olduğunuzu götərmirmi?

– Hazırda hər hansı siyasi mənsubiyyət daşımıram, amma siyasi mövqeyim oturuşub. Bu seçimimi də 90-cı illərin əvvəllərindən etmişəm və hər kəs də bilir ki, ulu öndərlə bağlı çoxlu qələm işlərim, çıxışlarım var. Və hər hansı situasiyalarda bunu daha da möhkəmləndirirəm. Hesab edirəm ki, hakimiyyət son hadisələrdən daha güclənmiş çıxacaq və ölkə başçısının ensiklopediya müşavirəsindəki “mən indi hakimiyyətə gəlməsəydim, çoxunuzun mövqeyi başqa olacaqdı. Yaxud nələr olacaqdı, onu da proqnozlaşdırmaq mümkün deyil” açıqlamasını yada salmaq istərdim.


– Və həmin müşavirədə prezident alim İsmayıl Vəliyevi otağından qovmuşdu…

– Kaş İlham Əliyev hakimiyyətə 3 aylıq fasiləylə gələrdi. Bu zaman iqtidar cinahına müxtəlif maraqlar üzərində qoşulmuş, hər hansı bir şəraitdə özünü guya yaxın göstərən, amma sadə xalq dilində desək, «çürük meyvələr»dən də xilas olmaq mümkün olardı.


– Deməli, hakimiyyətdə çürük meyvələr var d


ə ?


..

– Əlbəttə, var. Buna heç zaman şübhəmiz olmayıb və bir daha söyləyirəm ki, biz bütövlükdə iqtidarı ən ideal şəkildə təqdim edib, reallıq hissini itirməmişik.


– Gələk, Ramiz Mehdiyev sualına…

– Cəmiyyətin bəzi hissəsində, o cümlədən, siyasi camiədə Ramiz Mehdiyevə yönəlk münasbətlərin bəlli səbəbləri var. O, güclü aparat sisteminin qurucusudur, təşkilatçıdır, yaxşı ideoloqdur, eyni zamanda, cəmiyyətdən gələn impulsları çox tez hiss edəndir, adekvat kurs qurmağı bacarandır. Və ulu öndərin məktəbinin ən yaxşı yetirməsidir.


– Amma onu Brejnevşina dövrünün partokratı sayanlar da var…

– O, yaşının bir hissəsini sovet dövründə çalışıb. Bizim hər birimizin üzərinə qırmızı rəngi qatmaq olar. Yeri gəlmişkən, müxalif cinahda da xeyli komsomolçu var. Ancaq məsələnin başqa tərəfi də var, mənim o dövrdəki müdafiələrim şəxs adından çox Azərbaycan dövlətinin qorunması üçündür. Hesab edirəm ki, Ramiz Mehdiyev bu dövlətin əsas zirehlərindən biridir. Siyasət belə işləyir, əvvəlcə biz gücü təşkil edən qüvvələri zərərsizləşdiririk, sonra artıq hakimiyyətin özünə güclü zərbələr vura biləcəyik. Ona görə də ayrı-ayrı Qərb dairələri Azərbaycan təhsilində «vəba» və «taun» olan Elşad Abdullayev hadisəsindən istifadə edib Azərbaycan dövlətinə qarşı istifadə edirdilər. Bu mübarizə şəxsi identiklikdə aparılırdı.


– Yəni Abdullayevin arxasında kimlərsə dayanmışdı?

– Bəli, məlum  oldu ki, o “mina”lar bir sıra hallarda Azərbaycandan qoyulur. Yəni yalnız Strastburqdan atılmır.


– Deməli, hələ “mina”lar qalır və həmin adamlar işlərindədirlər…

– Belə düşünürəm: iki cür təyin etmək olar ki, dövlət əleyhinə diversantlar nə qədər zərərsizləşdirilib. Bunun birini ya şəxs olaraq zərərsizləşdirirsən, ya da müəyyən dövr arxa planda qalırlar və əvvəlki fəaliyyətin olmadığını görürsən. Fikrimi sadələşdirim; bu gün Qərb məkanında Azərbaycan əleyhinə əvvəlki qədər total hücumlar yoxdur. Yəni ölkə rəhbərliyini şəxsi müdafiədə dayanmağa məcbur edən, hətta ailə üzvlərinə yönəlik hücumları təşkil edənlər həm də MTN çevrəsində xarici agentura mərkəzlərilə bir olan qüvvələr idi. İndi bu fəaliyyət dayanıb. Belə qənaətə gələ bilərik ki, onların hamısı artıq siyasi meydanda yoxdur, zərərsizləşdiriliblər və öz hesablarını götürüblər. Xeyr! Ancaq fakt ondan ibarətdir ki, bu, harmonik bir fəaliyyət idi və onlar müəyyən qədər geri çəkiliblər. İndi hansı cinahdadırlar, iqtisadi, yoxsa idarəetmədə…?


– İqtisadi sferadan söz düşmüşkən, siz “Azərsun” şirkətini tənqid edərkən sosial şəbəkələrdə bu cəsarəti hardan tapmağınız sual olundu. Çünki şirkət ailəyə yaxın hesab olunur…

– Bilirsiniz, Azərbaycanın keçmiş iqtisadi sisteminin qurulmasında bəlli səbəblərə görə ayrı-ayrı şirkətlər üstün mövqelərə çıxa bilirdilər. Təbii monopolistləri – “Azərsu”, “Azenerji”ni demirəm. Bunlar məlum səbəblərdən özəlləşməyə açılmadıqlarından və “Barmek” təcrübəsi qüsurlu olduğundan, o sistemdə dominantlıq təşkil edən qüvvələrimiz həmişə belə olacaq. Əgər kommunal sferada elan olanan özəlləşmələr orda aparılacaqsa, fərqli vəziyyət görə bilərik. Amma bir sıra qurumlar ilk dövrdə kapitalın böyüklüyündən, həmçinin xarici ölkələrin texnologiyalarını Azərbaycana gətirmələri səbəbindən bazarda üstün vəziyyətdə oldular. Ona görə də “Azərsun”a qarşı mövqe söyləməyi xüsusi qəhrəmanlıq saymıram, lakin mən haqlıydım, hələ bir barmaq məhsullarına mövqe göstərdim. Halbuki, kifayət qədər məsələlərə mövqeyimiz ola bilərdi. Bunları saxladıq. Yalnız ona görə ki, ölkə başçısının yanvarda keçirdiyi 2 müşavirə və 1 konfransda əsas məqsədi idxal və ixrac əməliyyatlarında inhisarçılığı daraltmaq idi. Dünənə qədər hansısa səbəblərdən işləmisən, onu qoyaq kənara, amma bu gün imkan ver yerli sahibkarlıq inkişaf etdirilsin. Bir daha deyirəm, şirkətə qarşı mövqeyim heç bir halda hesablanmış olmayıb və hansısa iqtisadi qüvvənin mövqeyini üstünləşdirmək niyyəti güdülməyib. Onların reaksiyasına gəlincə, çox səthi və dayaz idi.


– Prezident 26 yanvar konfransında “dünya Azərbaycandan nümunə götürməlidir” dedi. Bu sitatı əsas götürüb, Qazaxıstan və Qırğızıstanda kredit borcu olanlara köhnə məzənnəylə qaytarmaq güzəştini yada salaq. Qazaxıstanla müqayisədə Qırğızıstan çox kasıb ölkədir. Bəs niyə varlı Azərbaycan bu cür güzəştləri tətbiq etmir? Nazir Samir Şərifov deyir ki, problemi banklarla müştəri öz həll etməlidir. Məgər, hökumət devalvasiya qərarı verəndə müştəri, yaxud banklarla məsləhətləşmişdimi? Bu mənada dünya bizdən necə nümunə götürə bilər?

– Məncə, cənab prezidentin həmin açıqlaması daha geniş mənanı hədəf edir. Azərbaycan 90-cı illərdə işğala məruz qalan, təcavüzün ən ağır mərhələsini yaşayan bir ölkə kimi gerçəkdə də böyük üstünlüklərə malikdir. Odiozluqdan uzaq olan, siyasi qərəzi bölüşməyən adamlar da bunu etiraf edirlər. Artıq dövlətin nailiyyətlərinə münasibət subyektiv baxışdan asılı deyil. Çox qısa 90-cı illərin gerçəklərinə ekskurs edəcəyəm; bizə “yalnız bir resurs üzərində dövlət quruldu” deyənlər hansı alternativ mənbələr hesabına Azərbaycanın qurulacağını görürdülər?



Kənd təsərrüfatı…

– Sovet dövründə qurulmuş və ixtisaslaşmış zavod və fabriklərin çoxu elə həmin 90-larda dağılmışdı.


– Siz demək istəyirsiniz ki, onları 1 illik AXC hakimiyyəti dağıtdı?

– Xeyr. Mən AXC hakimiyyətinin fəlakətlərini sadalaya bilərəm, amma mövzumuz bu deyil. Prezident cəmi 1 dəqiqəsini onlara ayırdı, amma onlar ilin 365 gününü Azərbaycan dövlətinin əleyhinə danışırlar.


– Dövlət yox, hökumət…

– Dövlətin və hökumətin.


– Zahid bəy, indiki hakimiyyət bir gəncin ömrü qədər – 22 ildir iqtidardadır, 1 il isə başqa…

– Mən bir daha hesab edirəm ki, onlar dövləti və hökuməti hədəfə aldılar. Çünki onun ideologiyasını tanımamışdan  idarəetmə formasına, fəlsəfəsinə qarşı da münasibətlərini ifadə etdilər. Sadəcə, hökumətin bir icra qərarı haqqında münasibətləri deyildi, bu. 90-cı illərdə anti-alkoqol kampaniyası ilə ulu öndərin qurduğu şərab səneyisinin hamısı darmadağın oldu. O cümlədən, pambıqçılıqda olan nailiyyətlər. Neft Azərbaycana imkan verdi ki, humanitar məhrumiyyətlərimizi azaldaq. Məcburi köçkünlər üçün qəsəbələr qurulsun, infrastruktur bərpa olunsun, təhsil məkanı formalaşsın, səhiyyə obyektləri yaransın. Lakin bu zaman bizim israfçılıq etməyimiz, itirilmiş fürsətlər də oldumu sualları meydana gələ bilər. Əlbəttə, oldu! Neft həm də bizim başımızdadır, təkcə Xəzərdə yox.


– Ölkəyə 200 milyarda yaxın vəsait daxil oldu, amma kənd təsərrüfatına 2-3 faiz büdcə ayrıldı, bu, az deyildimi?

– Az idi.



Bunu irad kimi qəbul edirsinizmi?

– Bəli. Açıq deyilməlidir ki, kənd təsərrüfatına yönələn vəsaitləri düstürla yoxlamaq lazımdır. O sektora qoyulan 1 manat vəsait  5 manatlıq dəyər yaradır.


– Yaxud insan kapitalına çox az vəsait ayrıldı. Nazarbəyov hər il 500-ə yaxın gənci xaricə oxumağa göndərirdi, amma Azərbaycanda bu rəqəm belə yoxdur…

– Mən onu demək istəyirəm ki, proporsional inkişaf, yəni ölkənin ümumi iqtisadi həyatının Xəzər dənizindən çıxıb, quru ərazilərdə formalaşması üçün dövlət daha geniş addımlar da ata bilərdi və cənab prezident bunu zaman-zaman da söyləyirdi. Ancaq adi bir misala baxın, Bakının ərazisi 2 min 100 kvadrat metrdir, burada əhalinin 4 milyonu yaşayır, işğaldan sonrakı ərazimiz isə təxminən 69 min kvadrat kilometrdir. Bakının ərazisini kənara qoysaq, 67 min qalır. Azərbaycan kəndlisinin ümumi daxili məhsul istehsalının xeyli kiçik olması fonunda sanki Xəzər dənizi bütün ölkənin coğrafiyasını dolandırmaqla məşğuldur. Biz neftdən yalnız son 10 ildə asılı olmamışıq, 160 ildir bu müqəddəs “qara qızıl” hamını bura bağlayır. Son 10 ildə Bakıya təkcə neft kompaniyaları yox, sadə kəndlilər də axışdı. Gəlib burda kirayə yaşayır, 200-300 manatı vermək üçün bəzən problemlə üzləşsə də, ekoloji baxımdan təmiz kəndə dönmək istəmir.



Deməli, 2004-cü ildən həyata keçirilən “Regionların iqtisadi inkişafı Dövlət Proqramı” səhv olub da…?

– Qətiyyən.


– Axı özünüz israfçılığa yol verildiyini dediniz…

– Bəli, israfçılıq var. Həm hökumətin, həm də vətəndaşların fəaliyyətində israfçılıq olub. Bizim “İphone” telefonlarımızdan “Mersedes” maşınlarımıza qədər, həmçinin övladlarımız hərbi xidmətə gedəndə açdığımız süfrələr, toyumuz, yasımız… hamısı neft erasının məhsuludur.


– Bu barədə mətbuat dəfələrlə yazıb, düzdür, amma kəndli balası “Mersedes” ala bilməzdi…

– Olar.


– Deməli, olar…?

– Bir ölkədə 1 milyon 400 min maşın var. Azərbaycan insanları bu dövrün üstünlüklərindən xeyli yararlandı və indi o maşınlarla sadə həyata düşmək, yaxud öz inadından dönüb kəndə qayıtmaq istəmir.  Bax, bundan sonra böyük köç baş verəcək. Bir gün əvvəl Bərdənin 3 kəndinə qaz verilib. İnfrastruktur qurulduqca, adamlar üzünü sahibkara çevirdikcə, onu qara mühasibata vadar qoymamağın gələcək perspektivini hesablayır. Yəni məmur ordusu da anlayır ki, həyatımızın Nyu-York katrikovlarından, London birjalarından asılı olmaması və manatın kursunun sabitliyi üçün üzümüzü torpağa çevirməliyik. Kəndlilərin vəziyyəti qeyd etdiyiniz illərdə çox miskin idi. Cənab prezident 2006-cı ildə Bərdəyə səfər etdi. İşğala görə ora Qarabağın giriş və çıxış qapısı sayılır. 136 min yerli əhaliyə 120 min köçkün düşürdü. Prezdent o mənzərəyə baxıb dedi ki, müharibə həm də burdamı gedib? Yəni Azərbaycan çadır şəhərçikləri, vaqonlardan xilas oldu.


– Və icra başçıları da bunlardan yaxşı qazanıbdır…

– İcra hakimiyyətləri sistemi fərqli reallıqda formalaşıb. Baxın Ağa dayılar, Rasim Daşdəmirovlar, Aslan Aslanovlar…


– Niyə uzağa gedirik? Bugünkülərdən danışaq. Sumqayıt şəhərinin sabiq icra başçısı Vaqif Əliyev Mədəniyyət və Turizm Nazirliyinin müavinliyindən gətirildi bu vəzifəyə və yenidən qaytarıldı ora. Onu Gəncənin icra başçısı Eldar Əzizov əvəz etdi. Əzizov indi Səbail rayonunda icra başçısıdır. Hazırda Zakir Fərəcov onların vaxtında inşa olunan tikintiləri dağıdır…




Bunlara reaksiya vermişdim. Məsələ ondadır ki, icra hakimiyyətləri fərqli reallıqlar altında formalaşdı.



O reallıqları kim formalaşdırırdı?

– Ağa dayılar, aslanovlar, daşdəmirovlar o dövrdə yerli icra hakimiyyətləri  təyin olunurdular ki, o bölgələrdə güc amili birinci yerə çıxmalıydı. Texnokratlıq, menecerlik, iqtisadi həyatı bilicilik, kəndin gücünü qavramaq qabiliyyəti öndə tutula bilmirdi. Ulu öndər Elman Allahverdiyevi çağırıb deyirdi, sən Qarabağdakı riskləri qarşılaya biləcəksənmi? İcra hakimiyyətlərinin ikinci dövrü 2000-ci illərdə başlandı. Artıq quruculuğa yönəlik insanları rayonlara göndərirdilər. Kim ondan necə istifadə etdi, bu, ayrı məsələdir. Üçüncü dövr də başlayacaq, indiki icra başçılarının böyük əksəriyyəti gedəcək, onları daha yeni texnologiyanı bilənlər, böhran menecerliyindən xəbərdar, vətəndaşın üstünə qışqırmayanlar əvəz edəcək. Sizi əmin edirəm, indiki dönəmdən siyasi hakimiyyət və onun lideri İlham Əliyev çıxacaq. Çünki yarasız məmurlardan xilas olmaq mümkün olacaq. Sumqayıtla bağlı dediyinizə gələk, doğrudan da, təəssüfləndiricidir. Bizə olan erməni təhlükəsini səngərdə əsgərimiz qarşılayır, dindar kəsimimiz dini ekstremizmin qarşısını alır, daha bir təhlükə var ki, açıq etiraf olunmalıdır. Bu da idarəetmə sistemimizdə ardıcıl varislik ənənələrini tam sona qədər formalaşdıra bilməmişik. Yəni məktəb direktorunu vəzifəsindən azad edirsən, yeni gələn məktəbi tam dəyişib istədiyini qurur. O cümlədən, kollektivi də dəyişir. Beləliklə də ordakı adamlar  köhnəni söyməyə başlayır və özünü saxtakarlığa vadar edir. Eləcə də yeni icra başçısı əvvəlkinin abadlaşdırdığı parkı və komandanı dağıtmaq istəyir, bu, bəzən o qədər inkişaf edir ki, prezidentin bölgələrə səfəri zamanı qoyulan şəkillərini də götürmək istəyir. Bununla keçmiş tariximizdən də məhrum oluruq. Hesan edirəm ki, bunlar da aradan qalxacaq. Biz qanun qəbul etməliyik ki, icra başçısının əvvəlki dövrlə bağlı qərar vermək hüququ olmasın.



İqtisadi duruma gələk. Yanvarda idxal ötən ilin yanvarıyla müqayisədə 70 faiz aşağı düşüb, fevralda da oxşar enmə olsa, çöküş gözlənilir. Buna baxmayaraq, sahibkarları həbs edirlər. Bazar iqtisadiyyatında süni qiymət artımına görə həbs olmur, məsələn, mən gətirdiyim malı 100, siz isə 15 manata sata bilərsiniz, alıcı özü seçim edəcək. Sizə elə gəlmir ki, süni qiymət artımı adıyla yeni talançılıq mərhələsi başlayır?

– Talançılıq deyil. Amma sizinlə o məsələdə diskussiya apara bilərik ki, bazar iqtisadiyyatı şəraitində qiymət tənzimləmələri necə olmalıdır və prokurorluq orqanları rol oynamalıdırmı? Ajiotaj dövründə prezidentin iki məsələylə bağlı qərarı gedişata nizam verdi, atmosfer dəyişdi və getdikcə bu istiqamətdə tədbirlər güclənir. Taxılın ixracından və çörəyin istehsalından ƏDV-nin götürülməsi avtomatik olaraq qiyməti aşağı saldı. İkinci, 6,5 milyon əmanətçinin 9 milyard manatdan artıq vəsaiti vardı, bunun geri götürülməsi bank sektorunun və iqtisadiyyatın zərbə alması olardı. “Vahidbank”-ın taleyi artıq yaşanmayacaq, çünki həmin pullar sığortalandı. Sualınızın məğzinə gələk, kartel razılaşmalarını bizim cəmiyyətdə daha çox eşidirlər. Məsələn, “Nokia” şirkəti hansısa texnoloji avadanlığın hissələrilə bağlı özünə yaxın kompaniyalarla razılaşmalara gedib bazarda qiyməti yuxarı saxlamışdı. Buna görə 320 milyon dollardan çox cərimə olundular. Yaxud “Qazprom” Avropa bazarında monopol şərtlərini keçdiyinə görə sərt qərarlar qəbul olundu. Bəli, sizinlə razıyam ki, həbs qərarı yolverilməzdir.


– Cinayət Məcəlləsinin 199-cu maddəsinə əsasən, süni qiymət artımına görə həbs yox, cərimə və şərti cəza var…

– Bəli, biz də mütləq buna baxmalı və o modellə getməliyik. Amma artıq idxal və ixrac əməliyyatlarında bir şəffaflıq başlanıb, növbəti addımlar atılmalıdır. Bilirsiniz, devalvasiya iqtisadi proqramlarla müşahidə olunmayanda dəhşətli görünə bilər. Hesab edirəm ki, parlament rüsumlara yenidən baxmalıdır, büdcə aralıq bir dövr üçün istənilən vəsaiti qazanmaya da bilər. Amma bir müddət sonra rəqabət və daha çox insanın prosesə qoşulması ortaya başqa mənzərəni çıxaracaq. İqtisadiyyat orqanizm kimidir. Əgər xəstələnirsə, özünü toparlayıb sağaldır.



Siz toxunduğunuz üçün yekunda monopoliya məsələsindən danışaq. Ölkənin ixracının 95 faizini neft və neft məhsulları təşkil edir. Builki büdcədə neftin qiymətinin 25 dollardan götürüləcəyi rəsmən bildirilir. Belə olduğu halda ixrac 50 faizə qədər aşağı düşürsə, əlavə mənbələr barədə fikirləşmək lazım deyilmi? Yəni monopoliyanı yığışdırmaq vaxtı çatmayıbmı? Hamı da onları tanıyır, mətbuat bu barədə yazır. Buna baxmayaraq, deputat həmkarınız Musa Quluyev sahibkarlara istinadən monopolistlərin qayıtmasından danışır. Bütün bunların fonunda mənzərəni necə izah edərdiniz?

–  Əslində, həmkarımın çağırışı qətiyyən inhisarçılığın bərqərar olunması barədə deyildi.  Daha çox ağırlıq ondaydı ki,  rüsumlar tənzimlənməlidir. Baxın, 15 faiz rüsum, 3 faiz xidmət haqqı, 18 faiz vergi ödəmələri 36 faizlik yük yaradıb. Düzdür, sahibkarlar bəyannaməni saxtalaşdırmaq mövqeyinə gedə bilərlər. Ona görə cənab prezident statistika saxtakarlıqlarının aradan qaldırılmasını vacib saydı. Əmin edirəm ki, strukturlarda birləşmələr getdikcə, məmurların sayı azaldıqca, – bizdə məmur kvotası qat-qat artıqdır, – iş yerləri artacaq. Hətta müəyyən bir dövr yer alan inhisarçılar vəzifəsindən azad olunarlar, hansısa nazirliyi holdinq kimi idarə etmək istəmirlər, elə gedib, doğrudan da, holdinqi idarə edərlər.



Deməli, siz məmur oliqarxiyasının olduğunu təsdiqləyirsiniz də?

– Xeyr. Bütün hallarda unutmayın ki, qara pullar sayılan kölgə iqtisadiyyatı da ölkəni tərk etməməlidir. Hamı Putindən demon düzəldib, amma o da maliyyə amnistiyasını elan etdi ki, özünə təhlükə hiss edən qüvvələr pullarını aparmasınlar.


– O zaman sual yaranır: Nə üçün illərdir Rəqabət Məcəlləsi və məmurların gəlir bəyannaməsi haqda qanun qəbul olunmu

r?

– Tamamilə o fikri qəbul edirəm ki, artıq Azərbaycanda varlıların üzərinə yeriməmək və bolşevik yanaşmalarını ortadan qaldırmaq üçün 2001-ci ildə verilən “Gəlirlərin deklarasiyası” bəyannaməsini artıq yekunlaşdırmalıyıq. Hamı imkanlı olaraq bərabər olmalıdır, daha bolşevizmdəki kimi kasıb olaraq bərabər yox. Bir fikrimi də deyim, inhisarçılıq böyük inkişaf dövrü keçən ölkələrdə aralıq dövrlər üçün yaranır. ABŞ ötən əsrin 60-cı illərinə kimi bu ağırlığı yaşadı. Əmin edirəm sizi, Azərbaycanda da bunların hamısı aradan qalxacaq. Artıq Azərbaycan yeni bir eraya daxil olub. Prezident qarşıdakı çağırışları hamıdan yaxşı bilir. Daxili və xarici məsələlərdə birləşdirici lider də odur. Ona görə də bu dövrün çağırışlarına cavab verməyən şəxslərdən azad olacağıq. Kadr dəyişikliklərilə bərabər, iqtisadiyyatın yeni şaxələndirilməsi dövrünün şahidi olacağıq. Yaxın 3 ildə Azərbaycan neftdən kənar çox mühim resursları görəcək və vətəndaş bu sabitliyi, əmin-amanlığı qoruyaraq, yeni dövrün şərtləri altında yaşamağa davam edəcək.

Ana səhifəVideoZahid Oruc: ”Hakimiyyətdə çürük meyvələr var” (VİDEO)