Yüzə yaxın maşın şəhərə buraxılmayıb

Polis buna səbəb kimi Nazirlər Kabinetinin qərarın göstərirlər

Source:

Qaradağ rayonu Lökbatan qəsəbəsindən şəhərə gələn yüzə qədər yük maşını və minik avtomobili saxlanılıb. Onlar kənardakı maşın dayanacağına göndərilib. Bu barədə Meydan TV-yə sürücülər məlumat verib. Onlar bildiriblər ki, polis maşınların saxlanılmasını Nazirlər Kabinetinin qərarı ilə əsaslandırıb.

Sürüclərə deyilib ki, onlar səhər 7-dən axşam 9-a qədər şəhərə daxil ola bilməzlər. Amma sürücülər bildirirlər ki, hər gün eyni vaxtda gedib-gəldikləri yolda bu gün saxlanılıblar:

“Burada şirkət maşınları, sement daşıyan maşınlar, hətta minik maşınları da saxlanılıb. Deyirlər ki, yük maşınları, rayon qeydiyyatlı maşınlar buraxılmır. Amma baxırıq polis ayrı-seçkilik edir. Maşınların bəzilərini buraxır, bəzilərini saxlayır. Deyirik ki, heç olmasa, icazə verin dönüb gəldiyimiz yerə qayıdaq, ona da icazə vermirlər. Polislər deyir ki, gecə 9-dan sonra gedə bilərik”.

2015-ci ilin iyulun 23-də Nazirlər Kabineti çəkisi 5 tondan artıq olan avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Qərara görə bu avtomobillər mayın 1-dən oktyabrın 1-dək səhər saat 7-dən axşam saat 10-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 7-dən axşam saat 9-dək hərəkət edə biləcəklər.

İş günü olmadığından məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərYüzə yaxın maşın şəhərə buraxılmayıb