“Yüksək iqtisadi artımların təsiri büdcə gəlirlərində də özünü göstərməyib”

Rəsmi rəqəmlər iqtisadiyyatın artdığını desə də, ekspert bunun əhalinin rifahına pozitiv təsirlərini görmür

Mənbə: Meydan TV


Rəsmi rəqəmlər iqtisadiyyatın artdığını desə də, ekspert bunun əhalinin rifahına pozitiv təsirlərini görmür

Rəsmi rəqəmlər göstərir ki, ölkə iqtisadiyyatı bu ilin 9 ayında 4,8 faiz artıb.

Dövlət Statistika Komitəsinin (DSK)

məlumatında

bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 62877,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb.

“ÜDM istehsalının 40,1 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,2 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib”, – məlumatda deyilir.

DSK əlavə edir ki, əhalinin hər nəfərinə düşən ÜDM 6279,0 manata bərabər olub.

İqtisadçı Rövşən Ağayev komitənin açıqladığı rəqəmləri hesablayıb. Deyir, belə çıxır ki, ilin sonunadək hazırkı artım qalsa, gələn il isə iqtisadiyyat ən azı 2 faiz artsa, 2022-ci ilin sonunda iqtisadiyyatın miqyası 2019-cu ildəki səviyyəyə çatacaq. Çünki 2020-ci ildəki azalma kifayət qədər yüksək olub:

“Digər tərəfdən, hazırkı artım yüksək olsa da, əhalinin rifahı bu artımdan pozitiv təsirlər görmür. Çünki əhalinin hər nəfəri hesabı ilə nominal gəlirləri cəmi 1.5 faiz, orta aylıq nominal əmək haqqı 2.2 faiz artdığı halda, inflyasiya 5.2 faizə çatıb. Bu, o deməkdir ki, əhalinin real gəlirləri 3.5 faizə yaxın azalıb”.

İqtisadçı bildirir ki, daha sadə dillə deyilsə, orta statistik azərbaycanlının nominal gəlirləri ötən ilə nisbətən 3.5 faiz daha az istehlakı təmin edir:

“Yüksək iqtisadi artımların təsiri büdcə gəlirlərində də özünü göstərməyib. Ötən ilin eyni dövrünə nisbətən 9 ayda büdcə mədaxili 0.5 faiz azalıb. Yəni iqtisadi artım öz-özünə məqsəd deyil. Bu böyümə ilk növbədə cəmiyyətin rifahında özünü göstərməlidir”.

Önəmli məqamlardan biri də qeyri-neft sənayesindəki yüksək iqtisadi artımın nə dərəcədə özəl biznes hesabına baş verməsidir. Rövşən Ağayev deyir ki, bu artımın inklüziv olması, iqtisadiyyatın sahə və məşğulluq strukturu baxımından bütün seqmentlərdən qaynaqlanması çox önəmlidir:

“Təəssüf ki, mövcud statistika özəl və dövlət sektoru üzrə iqtisadi artım tempini açıqlamır. Lakin bəzi açıq məlumatlar mənzərəni müəyyən qədər görməyə imkan verir. Məsələn, qida sənayesi əsasən özəl sektora aiddir. Bu seqmentdə istər əksər məhsul növləri üzrə natural ifadədə, istərsə də seqment üzrə dəyər ifadəsində artımlar qeyri-neft sənayesində yaranan əlavə dəyərin artım tempindən əhəmiyyətli dərəcədə geri qalır”.

Rövşən Ağayev bildirir ki, bəzi məhsul növlərinin istehsalında kəskin azalmalar var. Amma, məsələn, əsasən dövlət sektoruna aid olan kimya sənayesində çox yüksək artım (88 faiz) qeydə alınıb:

“Şübhəsiz ki, qeyri-neft sənayesində bu seqment üzrə artımın təsiri həlledici olub”.

Ən son açıqlanan rəsmi statistikada yoxsulluq göstəricisində artım müşahidə edilib. 2019-cu ildə rəsmi rəqəmlər ölkə əhalisinin 4.8 faizinin yoxsul olduğunu bildirirdisə, 2021-ci ilin əvvəlində bu rəqəm 6.2 faizə yüksəlib. Yəni, 1 il ərzində yoxsul sayılan şəxslərin sayı 30 faizə yaxın artıb. Bu, həm də 2011-ci ildən sonra yoxsulluğun səviyyəsinin çatdığı ən yüksək həddir. Yaşanılan ilin əvvəlində ölkə əhalisinin təxminən 10 milyon 120 min nəfər olduğunu nəzərə alsaq, deməli, hökumət meyarlarına görə, ölkədə təxminən 630 min yoxsul şəxs var.

Müstəqil ekspertlər, iqtisadçılar adətən DSK-nın açıqladığı rəqəmlərlə razılaşmırlar. Bu rəqəmlərin bəzi məsələlərdə şişirdilmiş, bəzilərində isə azaldılmış olduğunu deyirlər.

Məsələn, rəsmi rəqəmlərdə 2019-cu ildə yoxsulluq faizi 4,8 faizdir. Ancaq Dünya Bankının hesabatında həmin il Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən təxminən beş dəfə çox – 24 faiz olduğunu açıqlamışdı.

Ana səhifəXəbərlər“Yüksək iqtisadi artımların təsiri büdcə gəlirlərində də özünü göstərməyib”