Yüksək gərginlik altında dərs

Məktəbin həyətində yerləşən transformator kənd sakinlərini qorxuda saxlayır

Source:


Məktəbin həyətində yerləşən transformator kənd sakinlərini qorxuda saxlayır

“Oğlum 3-cü sinifdə oxuyur. Amma hər gün özüm gətirib-aparıram, qorxuram. Baxın, burda transformator, binanın arxasında quyu var, betonun üstü də açıqdır. Balacadır, cərəyan vurar deyə çox qorxuram”.

Bu sözləri Gürcüstanın Marneuli rayonunun Candar kənd sakini Səlimə Nuriyeva deyir.

Marneulidən cəmi 5 kilometrlik uzaqlıqda yerləşən Candar kəndinin digər sakinləri də danışılar ki, uşaqlarının bu məktəbə qorxu içində yola salırlar.


Uzaqdan əzəmətli görünən məktəbin əsl vəziyyəti

Kənardan əzəmətli görünən ikimərtəbəli ağ binanın həyətində kəndin yüksək gərginlik transformatoru yerləşdirlib. Bayram Kərəmov adına Candar kənd orta məktəbinin binası da bərbad vəziyyətdədir, şüşələri qırıq-salxaq, otaqları isə şəraitsizdir.

Kənd sakini Əliməmməd Cəfərov deyir ki, bütün qış boyu sinif otaqlarını isitmək üçün uşaqlar evdən odun daşıyıblar:

“Məktəbdə istilik yoxdur, şəraitsizdir. Hər valideyn hər həftə bir qalaq odun verirdi, aparırdılar. Divarları çürüyüb,  qapılar üstündə durmur, bu binaya əsaslı təmir lazımdır. Uşağın biri qapıya bərk dəysə, başına düşəsidir. Təhlükəlidir. Üstəlik də həyətdə yüksək gərginlikli transformator var. Məktəbin həyətində olmaz axı belə şey. Biri əlini vursa, dərhal öldürəcək”.


“Direktordan xahiş etdik ki…”


Candar sakini Abbas Mahmudovun sözlərinə görə, ötən il kənd camaatı məktəb direktorundan xahiş edib ki, transformatorun yerinin köçürülməsi ilə bağlı əlaqədar orqanlara müraciət etsin:

“Direktora dedik ki, biz valideynlər də Təhsil Nazirliyinə, bələdiyyəyə, başqa hara lazımdırsa, məktub yazaq, bu transformator köçürülsün. Amma heç bir nəticəsi olmadı.  Balaca bir dəmir hasar çəkiblər, uşaq üstündən rahatca atlana bilər”.

Məktəb binasının elektrik xətləri də sıradan çıxıb. Şagirdlər deyirlər ki, gün ərzində bir neçə dəfə işıq sönür. Dərs fasiləsi zamanı zəngi çala bilmək üçün məktəbin həyətində dəmir asqı düzəldilib. Vaxt çatanda daşla onu döyəcləyib,  tənəffüsü elan edirlər.


“Hələlik təhlükə yoxdur”

Məktəbin direktoru Vahid Namazov deyir ki, transformatorun köçürülməsi ilə bağlı müraciət edilib:

“Hələlik heç bir təhlükə törənməyib, üstəlik transformator dəmir hasara alınıb. Lakin məktəbin şəraiti çox pis vəziyyətdədir. Bu bina məktəb məqsədilə tikilməyib və 70-ci illərə aiddir. Divarları çürükdür”.

Vahid Namazov deyir ki, bir neçə ay əvvəl xarici şirkətlər binanı əsaslı təmir etmək istəyiblər, lakin baş tutmayıb:

“Marneuli üzrə 6 məktəbin əsaslı təmirini Amerikanın bir şirkəti öz üzərinə götürüb. Monitorinq apardılar və bizim məktəbin binasının yarasız olduğunu müəyyən elədirlər. Yəni əsaslı təmirə yox, binanın yenidən sökülüb, tikilməsinə ehtiyac var. Bu səbəbdən yaxın illərdə hansısa plan yoxdur. Bina yerini dəyişməlidir”.

Candar kənd orta məktəbində hazırda 270 şagird təhsil alır. Bu uşaqların valideynləri isə məktəb saatlarını qorxu, həyəcan altında başa vururlar və bunun nə zaman sona yetəcəyini də bilmirlər…

Ana səhifəXəbərlərYüksək gərginlik altında dərs