Sarı zolağa keçən sürücüləri 40 manat cərimə gözləyir. İslam Həmrəyliyi Oyunlarına görə cizilən bu zolaqdan keçənlər mayın 5-dən başlayaraq cərimələnirlər. Qadağanın başladığı ilk həftədə 900 sürücü cərimələnib. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.
Sürücülər isə sarı zolağın şəhərdə tıxac yaratdığını deyirlər.
Rəsmlər deyir ki, şəhər kameraları günaşırı sarı zolağı güdür. Bu zolaqdan yalnız İslam Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri keçə bilər. Zolaqlar Ziya Bünyadov prospektindən Atletlər kəndinə qədər, Bakı Dairəvi yolu, Bakı Atıcılıq Mərkəzindən başlayır və Salyan şosesində sona çatır.
12-22 may aralığında Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Oyunlara görə rayon qeydiyyatında olan minik avtomobillərinin, yük maşınlarının şəhərə girişi də qadağan olunub.
Sarı zolaqdan istifadə qadağası mayın 25-dək davam edəcək. Sürücülər isə bu vaxta qədər ünvanlarına göndəriləcək cərimə məktublarından ehtiyat edirlər.