Azərbaycanın tanınmamış Kosovo dövlətinin yığması ilə eyni turnirdə çıxışı narazılıq yaradıb
Azərbaycanın 21 yaşlılardan ibarət yığması Türkiyədə keçirilən “Antalya Cup” turnirində iştirak edir. Bu turnirdə Azərbaycan tərəfindən tanınmayan ölkənin – Kosovonun da yığması iştirak edir. Kosovo Türkiyə tərəfindən tanınsa da, Azərbaycan bu ölkənin müstəqilliyini tanımayıb. Elə bu məsələ də idman mediasında tənqidlə qarşılanıb.
Hesab edilir ki, Azərbaycan yığmasının tanınmayan ölkə ilə bir turnirdə iştirak etməsi əlavə problemlər yarada bilər.
Bu, Azərbaycan futbolunda baş verən ilk belə hadisə deyil. 2015-ci ilin oktyabrında “Neftçi” klubunun 14 yaşlılardan ibarət komandası Rusiyada keçirilən turnirdə tanınmayan Cənubi Osetiya və Abxaziyanın komandaları ilə qarşılaşmışdı. Həmin vaxt bu məsələ geniş rezonans doğurmuşdu. “Neftçi” rəhbərliyi olayla bağlı açıqlama yaymış, günahı təşkilatçıların üzərinə atmışdı. Klub rəhbərliyi bildirmişdi ki, türinirə dəvət alarkən, orada hansı komandaların iştirak edəcəyindən xəbərsiz olublar.
İdman mütəxəssisləri hesab edirlər ki, sabah Serbiyanın hansısa komandası “Dağlıq Qarabağ Respublikası”nın komandası ilə qarşılaşsa, dövlət səviyyəsində buna cavab vermək çətin olacaq. Çünki Azərbaycan yığması və klubları da tanınmayan ölkələrin komandaları ilə qarşılaşır.
Meydan TV məsələ ilə bağlı AFFA rəhbərliyinin mövqeyini öyrənib. Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğlu bunları deyib: “Yığmamız Kosovo ilə eyni qrupda yer almayıb. Ona görə də onlarla qarşılaşmayacağıq”.
M.Nərimanoğlu “Kosovo Azərbaycanla bir qrupda yer alsaydı, necə olacaqdı? Azərbaycan yığması turnirdən imtina edəcəkdi” sualına cavab vermək istəməyib.