Yeyinti məhsullarının tərkibində GMO aşkar edilməyib

Vahid Məhərrəmov: “Bu sahədə çox ciddi yoxlamaya ehtiyac var, amma GMO məhsullarının idxalına qadağa qoymaq üçün yox”

Source:


Vahid Məhərrəmov: “Bu sahədə çox ciddi yoxlamaya ehtiyac var, amma GMO məhsullarının idxalına qadağa qoymaq üçün yox”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına  təqdim edilən kənd təsərrüfatı və yeyinti məhsullarının tərkibində GMO aşkar edilməyib.

SMPDK-da “Turan İA”-a bildiriblər ki, Xidmətinin əməkdaşları tərəfindən ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsul: düyü, soya,  qarğıdalı, qarğıdalı turşusu,  yaşıl noxud,  lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflilli südlü şokolad məhsulları götürülüb.

Laboratoriya analizləri başa çatmaq üzrədir. Onlar müsbət nəticə verməyib.

“Ərzaq məhsulları haqqında” qanuna əsasən, ərzaq malları istehsalında GMO-dan istifadə etmək qadağnadır. Bu fəaliyyət, eləcə də GMO məhsulların idxalı və satışı cinayət qanunvericiliyi ilə təqib edilir.

Məlumatı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib ki, o, GMO məhsullarının qadağası haqqında qanunvericiliyə münasibətini bildirəndə də, həmin qanunun o cür məhsulun qarşısını almaq üçün olmadığını söyləmişdi: “Qanun məhsul idxalı ilə məşğul olanlara gələcəkdə problem yaratmaq üçündür. Elə məhsullar var ki, onların genetik modifikasiya olunmasını aşkar etmək mümkün deyil. Məsələn, kartof bitkisi kalarado böcəyinə qarşı modifikasiya edildiyindən bu kartofun özündə aşkarlanmır. Ümumiyyətlə, Azərbaycanda məhsulları tam dəqiqliyi ilə müəyyən edən avadanlıq, kadr və nəhayət, həvəs də yoxdur. Bu sahədə çox ciddi yoxlamaya ehtiyac var, amma GMO məhsullarının idxalına qadağa qoymaq üçün yox. Ola bilsin, bizə dost olmayan hansısa ölkə məhsul istehsalında elə gendən istifadə etsin ki, məhsulda zəhərli maddə yaratsın. Bu baxımdan nəzarəti həyata keçirən qurumlar diqqətli olmalıdır”.

V.Məhərrəmov GMO məhsulları sırasında südün idxalının da müzakirə mövzusu olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Çin bir neçə il əvvəl genetik modifikasiya yolu ilə insan genini heyvana köçürməklə qadın südünə uyğun süd əldə edib: “Bununla Çin kifayət sayda inək yetişdirib və Avropaya da göndəriblər. Və o inəklərdən alınan süd ana südünün keyfiyyətinə uyğundur və eyni göstəricilərə malikdir. Bu, artıq elmdə yenilikdir”.

Ana səhifəXəbərlərYeyinti məhsullarının tərkibində GMO aşkar edilməyib