Yerevan Bakını COP29-a qədər sülhün razılaşdırılmış bəndlərini imzalamağa çağırır

İlham Əliyev və Nikol Paşinyan. Foto: Meydan TV

Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”

Ermənistan Azərbaycanı sülh müqaviləsinin razılaşdırılmış bəndlərini Bakıda COP29-a qədər imzalamağa dəvət edir.

Bu açıqlamanı sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də “Sülh naminə liderlik” mövzusunda müzakirələr zamanı səsləndirib.

Baş nazir deyib ki, o və rəhbərlik etdiyi hökumət firavanlıq, sabitlik və sülh naminə münaqişəyə son qoymağa, əməkdaşlığa çevirməyə sadiqdir.

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”, – deyə Paşinyan bildirib.

Oxşar açıqlamanı Nikol Paşinyan əvvəllər də səsləndirib.

Sentyabrın 10-da Baş nazir demişdi ki, Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır.

Paşinyan sentyabrın 9-da xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərini təsdiqləmiş və əlavə etmişdi ki, sülhə nail olmaq üçün bütün tərəflərin səyləri lazımdır:

Sülh müqaviləsinin 80 faizi artıq razılaşdırılıb, o cümlədən 13 maddə və iki maddə qismən razılaşdırılıb – onların hər biri iki cümlədən ibarətdir”.

Azərbaycanın Prezidenti İlham Əliyev sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı sülh danışıqlarına toxunmuşdu.

İlham Əliyevin sözlərinə görə, II Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başladı:

O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başladı. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır. Çünki bu günə qədər – bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olmuşdur və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı, yəni, bu işdə tərəqqi var idi. Bunu biz necə var, elə də deməliyik. Amma bununla yanaşı, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq”.

“İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndəriblər. Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq. Ona görə bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür. Bayaq dediyim amillərlə yanaşı, əgər biz bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir”.

Ölkə başçısı Azərbaycanın geri addım atmayacağını da vurğulamışdı:

Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil. Düzdür, indi bəzi vasitəçilik təkliflərinə biz etiraz etmirik, sadəcə olaraq, siyasi nəzakət naminə. Ancaq, əslində, bizə vasitəçi lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik. Sadəcə olaraq, onlara bildirdik ki, Qazax rayonunun dörd kəndi bizə qeyd-şərtsiz qaytarılmalıdır və bunu son dəfə mən bu ilin fevral ayında demişəm”.

Hesab edirəm ki, bu sözlər çox tutarlı oldu və ondan sonra heç bir vasitəçisiz, heç bir qeyd-şərtsiz Qazaxın dörd kəndi, – hansı ki işğal altında idi, – bizə qaytarıldı. Beləliklə, biz nəinki delimitasiyanı, hətta demarkasiyanı da başlamışıq. Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar”, – deyə o bildirib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətYerevan Bakını COP29-a qədər sülhün razılaşdırılmış bəndlərini imzalamağa çağırır