Nikol Paşinyan: “Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır” (yenilənib)

Nikol Paşinyan. Foto: Meydan TV

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə reaksiya verib.

Nazirlik hesab edir ki, Nikol Paşinyanın həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla   bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır:

“Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır”.

Azərbaycanın Konstitusiya Aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə, XİN bildirib ki, bu cür paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək:

Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil”. Ermənistanın sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır”.

Məlumatda qeyd olunur ki, kommunikasiyaların açılması məsələsində də Baş nazir növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib:

Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb. Ümumilikdə, üçtərəfli bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneçilik törədildiyini, yerli ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il anti-terror tədbirlərindən sonra erməni əsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır”.

XİN, Foto: Meydan TV
XİN, Foto: Meydan TV


O deyib ki, sülhə nail olmaq üçün bütün tərəflərin səyləri lazımdır

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır.

Bu barədə Baş nazir sentyabrın 10-da “Yerevan Dialoqu” Forumunun açılışında danışıb.

Paşinyan sentyabrın 9-da xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərini təsdiqləyib və əlavə edib ki, sülhə nail olmaq üçün bütün tərəflərin səyləri lazımdır:

Sülh müqaviləsinin 80 faizi artıq razılaşdırılıb, o cümlədən 13 maddə və iki maddə qismən razılaşdırılıb – onların hər biri iki cümlədən ibarətdir”.

Onun sözlərinə görə, Ermənistan sazişin razılaşdırılmış hissələrini imzalamağı və qalan bəndlər üzrə işi davam etdirməyi təklif edir.

Baş nazir onu da vurğulayıb ki, sənəd Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur.

Amma Nikol Paşinyan Azərbaycan Konstitusiyasında da Ermənistana qarşı ərazi iddialarının olduğunu iddia edib:

Azərbaycanın 1991-ci ildə qəbul etdiyi Konstitusiya Aktı 1918-ci il Azərbaycan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad edir. Ancaq biz bunu danışıqların predmetinə çevirmirik, çünki bizim Sülh Müqaviləsinin razılaşdırılmış mətnində deyilir ki, heç bir tərəf öz daxili qanunvericiliyinin müddəalarını öz uğursuzluğu üçün bəhanə kimi əsaslandıra bilməz”.

O, hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində irəliləyişin olduğunu da vurğulayıb:

Bu prosesin əsası Alma- Ata Bəyannaməsidir. Regionda nəqliyyat kommunikasiyalarının qarşısının alınması da uzunmüddətli sülhə doğru mühüm addımdır. Biz həm də “Dünyanın kəsişməsi” təşəbbüsünü təqdim etmişik. Bu təşəbbüs bizim üçün strateji əhəmiyyətli ölkə olan İranla, gələcəkdə isə Türkiyə və Rusiya ilə dəmir yolu əlaqəsi təmin etdiyi üçün vacibdir”.

Baş nazir eyni zamanda, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən avtomobil və dəmir yolu əlaqələrinin açılmasını da mühüm addım adlandırıb:

“Ermənistan bu imkanı yaratmağa hazırdır, baxmayaraq ki, Naxçıvan artıq İran və Türkiyə vasitəsilə xarici dünyaya çıxış əldə edib”.

2020-ci ilin üçtərəfli noyabr bəyanatına toxunan Baş nazir deyib ki, Ermənistan ərazisində kommunikasiyaların açılmasının təhlükəsizliyinin təminatçısı rolu Ermənistana həvalə edilib:

“Bəzi beynəlxalq tərəfdaşlar üçtərəfli bəyanatda olmayan bir şeyi təqdim etməyə çalışırlar. Amma elə bir vəziyyət yoxdur ki, Ermənistan ərazisinin hansısa hissəsi başqa ölkənin nəzarətində olsun. Ermənistanın suveren ərazisindəki yurisdiksiyasının gömrük, sərhəd, fitosanitar və digər nəzarəti pozmaqla hər hansı şəkildə məhdudlaşdırılmasını nəzərdə tutan heç bir müddəa yoxdur və ola da bilməz”.

Sentyabrın 9-da Yerevanda lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəldikləri bildirmişdi.

Onun sözlərinə görə, sülh sazişinin tezliklə imzalanması üçün real şans var:

“16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb”.

Amma bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında sənədin 17 maddəsindən 13-nün razılaşdırıldığını demişdi.

Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bölgədə davamlı sülhün təmin edilməsi üçün tarixi şansın yarandığını söyləmişdi. Amma Ceyhun Bayramov hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəlin məhz Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu əlavə edib.

Bayramov qeyd edib ki, rəsmi Yerevana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim ediblər, ancaq danışıqlar prosesində bəzi problemlər qalır:

Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan Konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətNikol Paşinyan: “Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır” (yenilənib)