”Yəqin prezident bunları görüb, qərara gələr ki…”(VIDEO)

Cəbrayıl rayonundan məcburi köçkün düşən Mirzəyevlər ailəsi evlərinin sökülməsindən şikayətçidir. Ev sahibi Həsən Mirzəyev 2008-ci ildə pulunu ödəyib, Sabunçu qəsəbəsində ev aldığını deyir. Evinin bələdiyyə sərəncamı olduğunu və bugünə qədər kommunal xərcləri ödədiyini deyən məcburi köçkünün sözlərinə görə, qəzalı vəziyyətdə olan mənzilini təmir etdirmək üçün icra hakimiyyətindən icazə almaq istəyib. Təmirə başlayandan sonra icra hakimiyyətinə müarciət edib. Lakin evini söküblər.

Evində 6 nəfərin yaşadığını deyən Həsən Mirzəyev bildirir ki, ərazi “Balaxanıneft”ə aid olduğundan, evi söküləndən sonra məlum idarəyə gedib. Oradan şikayətçini Prezident Administrasiyasına (PA) göndəriblər. O da küçədə qalan yaşlı anası ilə birgə PA-na şikayətə gedib.

Sonradan PA-nın tapşırığı ilə SOCAR rəhbərinin adını unutduğu müavinlərindən biri ilə görüşən məcburi köçkünün sözlərinə görə, qurum təmsilçisi onunla kobud danışaraq, kömək edə bilməyəcəyini deyib.

Ailənin yaxını, sökülən evdə yaşayan Məlahət Səfərova Sabunçu qəsəbəsindəki evlərin əksəriyyətinin sənədsiz olduğunu deyir.

Həsən Mirzəyevin bildirdiyinə görə, PA-dan qayıdarkən xəstə olan anasının vəziyyəti daha da pisləşdiyindən onu qohum evinə yerləşdirib. Həsən Mirzəyevin 3-cü sinifdə oxuyan oğlu Mətin Mirzəyev evlərinin sökülməsini bir cümlə ilə ifadə edir:

“Nə bilim niyə sökdülər? Qaldıq eşikdə də”

Atası oğlu Mətinin sentyabrın 15-də məktəbə haradan gedəcəyini bilmədyini deyir. Evi sökülən ailə hazırda küçədə yaşamaq məcburiyyətindədir. Onlar deyir ki, problemlərinin həlli üçün yalnız prezidentin köməyinə ümidlidirlər.

Sabunçu Royon İcra Hakimiyyətinin özünü təqdim etməyən əməkdaşı qurumunu mətbuat xidməti olmadığını bildirib. O, qanunsuz evlərin sökülməli olduğunu deyərək, dəstəyi asıb.

SOCAR-ın mətbuatı xidməti isə zənglərə cavab verməyib.

Ana səhifəVideo”Yəqin prezident bunları görüb, qərara gələr ki…”(VIDEO)