İnternat evində araşdırılmalar başlandığı bildirilir
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Baş həkim Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verildiyi bildirilib. Nazirin digər bir əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov işdən çıxarılaraq Respublika Psixiatriya Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunub.
A.Rəsulov dünən yerli mətbuata Xətai rayonu, 3 saylı uşaq evində müəssisədə ət və digər ərzaqların oğurlanmasını bildirən və bundan sonra xəstəxanaya yerləşdirilən yeniyetmə ilə bağlı açıqlama verib.
“Sitat.info”ya verdiyi açıqlamada keçmiş baş həkim deyib ki, yeniyetmə M.Hacıyevin vəziyyəti ruhi xəstəxanada saxlanılacaq qədər ciddi deyil, yüngül pozuntuları var. Onu geri göndərməyə çalışırlar.
“O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.
A.Rəsulov bildirib ki, hazırda yeniyetməyə sahib çıxan yoxdur və bu səbəbdən psixiatriya xəstəxanasında qalır:
“Biz yeniyetməni uşaq evinə geri göndərdik, çünki müalicəyə ehtiyacı yoxdur. 5-6 gün müalicə etdik, gördük ki, normal uşaqdır, göndərdik ki, getsin orada həyatını yaşasın. Uşaq evi qəbul etmədiyi üçün yenə qaytarıb gətirdik. Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. İndi müdiriyyət uşağı qəbul etmir. Sonra qardaşını tapdıq ki, gəl apar uşağı. Qardaşı da deyir ki, aparmıram, hələ 5-10 gün də müalicə edin, əsəbidir, sözümə baxmır. Sözünə baxmırsa, danış başa sal, biz nə edək onun üçün… Qardaşı da ora-bura zəng etdi ki, həkim mənə edir qardaşını apar, amma evimdə şərait yoxdur. Belə bir vəziyyətdir”.
Baş həkimin bu açıqlamasından dərhal sonra nazirlik də açıqlama yayıb. Bildirilib ki, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən, o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib.
Stasionar müalicə kursu başa çatdıqdan sonra o evdə ambulator müalicə üçün qardaşının himayəsinə veriləcək.
Nazirlik baş həkimin işdən çıxarılmasının məlum açıqlama ilə bağlı olduğunu təkzib edib.
İnternat məktəbinin rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.
3 saylı uşaq evinin əməkdaşlarından biri isə Meydan TV-yə deyib ki, müəssisənin fəaliyyəti ilə bağlı ciddi araşdırmalara başlanılıb, yoxlamalar var. Onun özü də daxil olmaqla işçilər dindirilib. “Yaxın zamanda uşaq evinin müdiri də “təqaüdə” göndəriləcək”,– əməkdaş deyib. Adının açıqlanmasını istəməyən əməkdaş qeyd edib ki, onlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sosial şəbəkələrdə trolluq etmək tapşırılıb.
Yeniyetmənin davranışlarına gəldikdə, əməkdaş onun həddən artıq ağıllı adlandırıb. Lakin siqaret çəkib, içki içdiyini, yoldaşları ilə dava etdiyini də qeyd edib.