Pərviz Abbasov: “Mən rüşvət almağı özümə sığışdırmaram, baxın görün, ipotekada olan ev və bir maşından başqa nəyim var?!”
“Yeni Klinika”nın baş həkimi, koronaviruslu xəstələrin klinikaya yerləşdirilməsi üçün onların yaxınlarından 3-5 min manat rüşvət almaqda ittiham olunan Pərviz Abbasov və daha dörd nəfərin məhkəməsi yekunlaşıb.
Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum edilib. Digər 4 təqsirləndirilən şəxsdən üçünə – “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinə 8 il həbs cəzası verilib.
Təqsirləndirilən şəxslərin arasında yeganə qadın olan “Avrasiya” klinikası və “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya da 8 il cəza verilib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Vüsalə Əliyevanın cəzası 2 il sınaq müddəti təyin edilməklə, şərti hesab olunub.
İstintaq və məhkəmə dövründə də o, həbs olunmamışdı, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi.
O, məhkəmədə son sözündə hazırda hamilə olması, iki azyaşlı uşağı və həyat yoldaşının təqaüdçü olması kimi halların nəzərə alınmasını istəyib. Eyni zamanda, əməlindən peşman olduğunu vurğulayıb. O bildirib ki, “Yeni Klinika”nın baş həkimini, ümumiyyətlə, bu xəstəxanadan kimisə tanımır. Təqsirləndirilən şəxslərdən Əvəz Hüseynov və Qalib Nəcəfovu tanıyıb:
“Mənə demişdilər ki, klinikaya yerləşdirilən hər xəstəyə görə mənə faiz verəcəklər. Mən də ehtiyacım olduğuna görə razılaşmışdım”.
Pərviz Abbasov isə özünü qətiyyən təqsirli bilmədiyini, indiyədək nəinki “Yeni Klinika”da, ondan əvvəl işlədiyi başqa xəstəxanalarda və dərs dediyi Tibb Universitetində də heç kimdən 1 manat rüşvət almadığını vurğulayıb. Pərviz Abbasovun sözlərinə görə, o, təqsirləndirilən şəxslərdən yalnız Samir Mirzəyevi tanıyıb.
Onun xahişi ilə atası və bir neçə tanışının xəstəxanaya yerləşdirilməsinə kömək edib:
“Mən o adamdan nə bir manat pul almışam, nə də pul istəmişəm. Mən ümumiyyətlə, rüşvətdən uzaq biriyəm, bunu özümə rəva görmərəm. İndiyədək yaşadığım 40 illik ömrün böyük bir hissəsini səhiyyəyə vermişəm, uzun illər cərrah işləmişəm. Nəticəsi də budur ki, indi dörd divar arasına salınmışam. Araşdırın, görün, mənim ipotekada olan ev və bir maşından başqa nəyim var?”
Pərviz Abbasov onun iş otağında rüşvət aldığı yerdə yaxalanması haqda prokurorluğun yaydığı materialların da yalan olduğunu bildirib. Onun sözlərinə görə, bu yolla cəmiyyətdə haqqında mənfi rəy formalaşdırmağa çalışırlar.
Sabiq baş həkim hesab edir ki, o, sifarişlə həbs olunub.
Təqsirləndirilən Samir Mirzəyev də məhkəmədə ifadəsində bildirib ki, ondan istintaq zamanı təzyiq altında Pərviz Abbasovun əleyhinə ifadə alıblar. Əslində, o, Pərviz Abbasova heç vaxt rüşvət verməyib. Sadəcə, bir neçə nəfərin klinikaya yerləşdirilməsi üçün ondan xahiş edib. O da imkan olanda bu məsələdə yardım edib:
“Onun xəbəri olmayıb ki, mən başqa adamdan buna görə pul almışam. Sadəcə, onunla tanışlığımdan sui-istifadə eləmişəm. O da tanış kimi, mənim xahişimi yerinə yetirib”.