Bakıda bir neçə metro çıxışında yeni il yarmarkası açılıb. Onlardan ən genişi 28 May metrosunun qarşısındadır. Bu yarmarka gecə 12 tamama qədər işləyir.
Satıcıların bəzisi deyir ki, əvvəlki illərə nisbətən bahalaşma var, bəziləri isə qiymət artımının olmadığı qənaətindədir:
“Zərlərdə, papaqlarda, daha çox da paltarlarda qiymət fərqi var. Keçən il paltarlar 4 manata idisə, indi ən əzı 6 manatdır”.
“Xırdavat mallar satıram, qiymətlər ötən ilkindən fərqlənmir”. – bunu isə başqa bir satıcı deyir.
Yeni il yarmarkasından bazarlıq edən alıcıların fikrincə, çeşid çox olsa da, qiymətlər bahadır:
“Uşaqlar üçün bəzək əşyaları, fişənglər aldım. Amma bahadı, çox bahadı”.
Başqa bir alıcı isə satılan bəzi əşyalardan narazıdır:
“Yaxşıdı bu yarmarka, amma televiziyalarda deyirdilər ki, partlayan satılmayacaq. Bəs niyə satırlar? Qiymətlər də bahadı. Etiraz edəndə də bir cavabları var: “Dollar qalxıb”. Hamı bundan istifadə edir. Bir də ki, yarmarkaların içi maraqlıdı, ancaq bayırdan pis görünür”.