Yekəxana, hörmətsiz münasibətlər

Müəllimdə, yoxsa tələbə, şagirddədir günah?

Source:



Pisi o deyil ki, bizim orta və ali məktəblərdə əksər müəllim, professor özünü sahib, ağa kimi aparır, tələbə ilə arasına süni sərhəddlər qoyur. Pis odur ki, son günlər gördüyümüz videolarda olduğu kimi, şagirdlər, tələbələr də o süni sərhədləri qoymayan, onlarla yumşaqca davranan müəllimlərə qarşı hörmətsiz davranır, onlara ehtiram göstərmir, bu yumşaq, səmimi münasibəti normal qəbul etmək əvəzinə, minnətdarlıq əvəzinə, yumşaqığa hörmətsizliklə, tərbiyəsizliklə cavab verir. Çünki, o belə görməyib, onun üçün bir obraz təsvir edilib – pul, tabeçilik, əyilmək tələb edən qəddar adam. Ona ancaq bu obraza hörmət etmək öyrədilib.

Son günlər müəllim mövzusunda xeyi videolar, yazılar dolaşır mətbuatda, sosial şəbəkələrdə. Şagirdini qəddarıqla döyən müəllimin videosundan tutmuş, sadəlövh və ünsiyyətcil şagirdin jurnalistə verdiyi müsahibədə “yaxşı müəllimdir, adamı vuranda da az vurur, ya bir çırtma vurur, ya da bir təpik, çox vurmur” tərif-etirafına qədər. Müəllim mövzusu səngimir – müəllim döyür, döyülür, rüşvət alır, seçki saxtalaşdırır, müəllim yekəxanaıq edir, şagirdlə, tələbə ilə bərabərhüquqlu şəxs kimi deyil, tabeliyində olan biri kimi davranır, ətrafında xof yaradır. Biz sözlə, gəncliyimdən bu yana müəllim sözü nəsə pis, bəd, mənfi hisslər doğurur.

Niyə belədir? Uşaqlığımızdakı hörmətli, əzəmətli, müqəddəs obraza nə oldu? Amma bu suala cavab verməzdən əvvəl, o uşaqlığımızdakı obraza bir də indi, aydın və ayıq nəzərlərlə baxaq. O obraz nə qədər səmimi, xoş idi? Zarafat bir yana, mənim uşaqlığımda ciddi-ciddi bizə deyirdilər ki, müəllim çörək yemir, müəllim tualetə getmir. Bizə təlqin edirdilər ki, o nəsə üstün adamdır, biz ölümlülərdən çox fərqlidir və ona sözsüz tabe olmaq, dediklərinə sözsüz əməl etmək vacibdir, məcburidir. Müəllim az qala yerli çapda seyid, pir, kimi bir dəyər, and-iman yeri idi ki, dediyinə əməl etməyəndə “cəddinin səni tutacağı” yəni cəzalandıracağı yəqin idi.

Valideynlər uşaqlarını müəllimlərə tapşıranda “Əti sənin, sümüyü mənim, döy-öldür, amma oxut” deyə o məşum koanı təkrar edir və bununla da müəllimə öz balaları üzərində fiziki, mənəvi zorakılıqları tədbiq etməyə izin verirdilər. “Ən pis döyən” müəllimin şagirdləri yaxşı oxuyur deyə, bir stereotip, “yat, yoxsa müəllim səni döyər” kimi məişət hədələri mövcud idi.

Yəni o münasibətlərdə də bərabərlikdən, bərabər hüquqdan söhbət gedə bilməzdi. Sadəcə indi ikrah, narazılıqla yanaşdığımız obraza o vaxt heyranlıqla yanaşmalı idik və yanaşırdıq, vəssalam. Bir də fərq bu idi ki, o vaxt müəllim obrazı korrupsiya, saxtalaşdırma ilə bu qədər doğmalaşmamış, qohumlaşmamışdı. Əlbəttə, sovet vaxtı ali məktəbdə oxuyanlar, aspiranturaya qalanlar sovqat apardıqları meyvə səbətlərini, qoyun cəmdəklərini (son ikisi birləşəndə əla şeir sətri alınır bu arada) yaxşı xatırlayarlar. Sadəcə o vaxt bu sovqatı müəllim, professor tələb eləmirdi, verən isə az qala utana-utana, qəbul eləsinlər deyə nacizanə yalvararaq verirdi.

Yani belə demək mümkünsə, prosesdə bir ayin, ritual havası, bir teatrallıq vardı. Daha indiki kimi, “filan gün ad günümdür, hədiyyə lazım deyil, hər şeyim var, 100 manatdan yığarsız” kimi kobud tələb-məsləhətlər yox idi, ayıb hesab olunurdu belə şeylər. İndisə hər şey daha işküzar, daha kobud, daha açıq-aşkar baş verir və bu proseslərdə utanma, mənəvi diskomfort-filan yoxdur. Verən də, alan da daha konkretdir. Obrazı desək, “quru seksdir, heç bir hiss, flirt yoxdur”.

Üstəgəl, orta və ali məktəblərdə əksər müəllimlərin, akademiklərin, direktor və rektorların öz ətraflarında yaratdıqları xof, əlçatmazlıq havası. Bunu izah etmək üçün bu günlərdə sosial şəbəkələrdən oxuduğum, Nərmin Kamilsoy adlı istifadəçiyə məxsus olan statusdan bir parçanı təqdim edirəm. Nərmin xanım göründüyü qədərilə hardasa Avropa ölkələrinin birində ali təhsil alır və təəssüratlarını dostları ilə bölüşür:

“Birinci gün dərsə getdim, gördüm professor içəri girdi, heç kim ayağa qalxmadı.Dərsin ortasında bir də gördüm, biri şokoladla çay içir, biri banan yeyir, biri yemək yeyir. Yenə gördüm ki, dərsin ortasında heç kim icazə almadan çölə çıxır, tualetə gedir. Tələbələr dərsin ortasında dərsə gəlib çıxır və professorların heç də diqqəti yayınmır. Sonra getdim tələbərin yemək yediyi kafeyə, nə görsəm yaxşıdır? O boyda nüfuzlu doktorlar, professorlar, universitetin rəhbərliyi kafedə uşaqlarla 2.50 euroya yemək yeyir. Sonra partiyə getdim, bütün professorlarımızı orda gördüm, əylənirdilər, oxuyurdular, içirdilər.

Keçən dəfə bir professorumuz xəstələmişdi, dərs də xeyli təxirə düşdü, gələndə görürük ki, üzrxahlıq üçün bütün qrupa keks alıb gətirib. Kulminasiya indidir, bir dərs proqramımız başa çatdı, professorlarımız gələndə bizə qəşəng Brüssel şokoladları gətirmişdilər, axşam da bizi restorana dəvət etdilər, hamımızdan bir-bir istəklərimizi soruşub, hər şeyi özləri ikram etdilər, üstəlik hesabı da özləri verdilər.

Elə bu anda aşığın yadına BDU-dakı günlər düşdü, kövrəldi. Abelin mühafizəçiləri ilə universitetdə gəzməyi, bir qonaq gələndə bütün dəhlizləri boşaltmaqları (sanki universitetdə tələbə olmağı qeyri-qanuni bir şeymiş kimi), dərsə bir saniyə gecikməyə görə “qayıb” yazan, tələbəni qaşını qırpdığına görə dərsdən çıxaran və bir daha dərsə buraxmayan, tualetə getməyə qoymayan, yüksək yerlərdə işlədiyindən dolayı nüfuzundan istifadə edib tələbəyə qan udduran,rüşvət üçün tələbəni kəsən müəllimlər…”

Olduqca dəyərli müşahidələrdir. Xüsusilə, müəllimlərin, professorların tələbələrlə səmimiyyəti, bərabərhüquqlu şəxs kimi davranmağı. Kafe-restoran söhbəti isə sadəcə kefdir. Əlbəttə, insafsızlıq eləmədən deyim ki, oxuduğum İncəsənət Universitetində biz də dekanla eyni tualeti paylaşırdıq, istdiyimiz zaman otağına girmək imkanımız vardı, dəhlizdə dekan və müəllimlərlə söhbətlərimiz çox olurdu. Amma səmimiyyət və bəhabər hüquq burda bitirdi. Nə eyni kafedə görə bilərdik onları, nə də başqa bir ortaq söhbətlərimiz olardı. Rektor isə təbii ki, universitetə ayrı qapıdan girirdi, qəbuluna düşmək üçün də gərək bir-iki ay əvvəl yazılaydın. Bununla belə, yəqin ki, ən demokratik ab-hava elə bizim universitetdə idi, başqa cür olması çətin idi, çünki dərs verənlərin də, dərs alanların da hamısı yaradıcı adamlar idi. O ki qaldı rüşvətə, məndən tələb eləməyiblər, həmişə oxumuşam, imtahanı vermişəm. Amma eşidirdim ki, rüşvət alanlar da var.

Pisi o deyil ki, bizim orta və ali məktəblərdə müəllim, professor özünü sahib, ağa kimi aparır, tələbə ilə arasına süni sərhəddlər qoyur. Pis odur ki, son günlər gördüyümüz videolarda olduğu kimi, şagirdlər, tələbələr də o süni sərhədləri qoymayan, onlarla yumşaqca davranan müəllimlərə qarşı hörmətsiz davranır, onlara ehtiram göstərmir, bu yumşaq, səmimi münasibəti normal qəbul etmək əvəzinə, minnətdarlıq əvəzinə, yumşaqığa hörmətsizliklə, tərbiyəsizliklə cavab verir. Çünki, o belə görməyib, onun üçün bir obraz təsvir edilib – pul, tabeçilik, əyilmək tələb edən qəddar adam. Ona ancaq bu obraza hörmət etmək öyrədilib. Kim öyrədib, harda, necə öyrədib? Bu sualların cavabı sosioloqlardadır.

Bizimkinə oxşar cəmiyyətlərdə şagirdlərin normal, sadə, təvazökar, tələbələri ilə dost, yoldaş olmaq istəyən müəllimin aqibətini yaxşı izah edən bir film var: rus rejissor Aleksandr Veledinskinin 2013-cü ildə çəkdiyi “Coğrafiya müəllimi qlobusu arağa dəyişdi” filmi. Məsləhət görürəm.


P.S. Yazıdakı müəllim-şagird-tələbə münasibətləri barədə danışanda, müsbət istisnaları da unutmuruq. Təbii ki, vicdanlı, dürüst, insanpərvər müəllimlər də az deyil.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəYekəxana, hörmətsiz münasibətlər