Yazıçı: “Xalqın adından danışan gərək onun problemlərini də dilə gətirsin”

Foto: Azərtac

Anar Məmmədli: “Azərbaycanda populyar insanların çoxunun insani dəyərlərə bağlılığı yoxdur”

Xalq artisti Rasim Balayevin Prezident İlham Əliyevlə görüşü zamanı “Xalq sizi çox sevir”,- deməsi geniş müzakirələrə səbəb olub.

Əksəriyyət hesab edir ki, aktyor prezidentlə görüşü zamanı xalqın problemlərindən danışmalı idi. Bəzi insanlar isə sosial şəbəkələrdə yazırlar ki, sənətkarların ictimai qınağa çəkilməsi doğru deyil.

Rasim Balayev isə əksini fikirləşir.

Foto: president.az

O, özünü siyasətçi hesab etmədiyini  deyir.

Aktyor “BBC News Azərbaycanca”ya müsahibəsi zamanı “Mən doqquz il kinoya çəkilmədim. Evdə oturdum. Biri mənimlə maraqlandı? Mən niyə özümü bu kütləyə həsr etməliyəm?”, – deyib.

Bəs sənətkarların səsləndirdiyi fikirlərinə görə ictimai qınaq olmalıdırmı?

Sənət adamı xalqın, yoxsa hakimiyyətin maraqlarını təmsil etməlidir?

Məhz bu suallara cavab almaq üçün Meydan TV ictimai şəxslərin münasibətini öyrənib.

Yazıçı Şərif Ağayar deyir ki, hətta tanınmayan adam belə ictimai bir məsələdən danışırsa, polemikaya cəlb oluna bilər.

Müzakirəni istisna edən yalnız şəxsi həyatdır, çünki toxunulmazdır:

“Tanınan adamsansa, Xalq artistisənsə, hər sözünün məsuliyyətini daşımalısan. Üstəlik, ictimai təşkilat rəhbərisənsə, ikiqat diqqət mərkəzindəsən. Rasim Balayev müsahibəsində deyir ki, siyasətə qarışmıram. Siyasətə qarışmırsa, xalqın adından niyə danışır? O, siyasətə qarışır, sadəcə,  işinə gələndə. Gəlməyəndə qarışmır. Xalqın adından danışan gərək onun problemlərini də dilə gətirməkdən çəkinməsin. Çəkinirsə, ümumiyyətlə, danışmasın. Siyasətə səmimi şəkildə qarışmasın”.

Şərif Ağayar. Foto: “yeniyaz.az”

Rasim Balayevin prezidenti Babəkə oxşatmasına gəlincə, bunda qeyri-adi heç nə yoxdur. Əvvəla, bu onun öz fikridir. Kiminsə adından demir. İkincisi, Prezident İlham Əliyev Ali Baş Komandan kimi Şuşaya bayraq taxıb. Bu mənada xalq qəhrəmanına bənzədilməzi çox normaldır. Məsələni çox siyasiləşdirməyək. Yox, əgər bu dialoqun arxasında hakimiyyət-sənətkar münasibətlərinin incəliyini axtarırıqsa, o başqa. Bu, çox ciddi məsələlərdir. Bizdə bu münasibət Rasim Balayevə qədər də belə idi, ondan sonra da uzun müddət belə qalacaq”, – deyə yazıçı bildirib.

Hüquq müdafiəçisi Anar Məmmədli isə deyir ki, Azərbaycanda göz önündə olan, xalqın sevgisini, hörmətini qazanan insanlardan – xüsusən də müğənni və aktyorlardan gözləntilər çoxdur.

O hesab edir ki, yalnız humanizm dəyərlərinin təbliğini üzərlərinə götürən insanlardan gözlənti olmalıdır:

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

“Hansısa sənətçi dövlət başçısı ilə görüşəndə, yaxud da böyük bir tədbir olanda, orada ictimaiyyəti narahat edən məsələləri səsləndirməsini gözləyirlər. Azərbaycanda hər şəxsin üzərinə belə məsələni yükləmək olmaz. Populyarlıq heç də o demək deyil ki, bu insan hansısa bir dəyərə sahibdir, humanizm, insani, bəşəri dəyərlərin təbliğatçısıdır. Bu adamlar ölkəsində, cəmiyyətində naqis məsələlərə dərhal münasibət bildirməlidir. Bu, o şəxslərdən gözlənilə bilər ki, həmin şəxslərin, həqiqətən də, humanizm dəyərlərinə bağlılığı var. Azərbaycanda populyar insanların yarıdan çoxunun humanizm dəyərlərinə, insani dəyərlərə heç bir bağlılığı yoxdur. Onlar daha çox öz mənfəətini güdən insanlardır. Yaşayış tərzləri də daha çox sovetlərdənqalma – partiya, dövlət ənənələrinə əsaslanır”.

Xalq artisti, rejissor Əbdül Mahmudbəyov Rasim Balayevin fikrilərinin təhrif edildiyi qənaətindədir:

“Rasim Balayev onu başa düşməyən, ittiham edənlərə işarə edib. Nə vaxta qədər kütlə psixologiyası ilə yaşayacağıq? Kiminsə siyasətdən, prezidentdən xoşu gəlir, yaxud da gəlmirsə, bu, onun öz fikridir. Amma Azərbaycan xalqı, dövləti qanunla idarə olunur. Prezident səviyyəsində kinomuza diqqət, qayğı göstərilirsə, bunu təqdir etmək lazımdır. Nə vaxta kimi cəmiyyəti, ictimaiyyəti siyasiləşdirəcəyik və bir-birimizi topa-tüfəngə tutacağıq? Elimizin adət-ənənəsi var. Biri digərinə konfet verəndə, ona “sağ ol” deyir. Sənətkarımıza bu səviyyədə diqqət varsa, nə etməlidir? Orada Prezidentlə dava etməlidir? Tarixən görmüşük ki, uşaqları qəhrəmanlarımıza oxşadırıq. Mənim oğlumun adı Babəkdir. Qızımın da adı Həcərdir. Biz övladlarımıza qəhrəmanlarımıza oxşatmayıb, kimə oxşadacağıq?”.

Əbdül Mahmudbəyov. Foto: “Yeni Müsavat”

Avqustun 8-də Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə görüşərək ona “İstiqlal” ordeni təqdim edib.

Rasim Balayev də görüşü zamanı “Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.  Xalq sizi çox sevir”, – deyib.

Ana səhifəMədəniyyətYazıçı: “Xalqın adından danışan gərək onun problemlərini də dilə gətirsin”