“Yaxın zamanda Avropa Məhkəməsi bütün bu qərarları darmadağın edəcək”

Məhkəmədə İntiqam Əliyevin vəkilləri çıxış etdi

Source:


Məhkəmədə İntiqam Əliyevin vəkilləri çıxış etdi

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”-nin sədri İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkilləri çıxış ediblər. Meydan Tv-nin prosesi izləyən əməkdaşının məlumatına görə, vəkil Şəhla Hümbətova çıxışında indiyədək qaldırılan vəsatətlərə toxunaraq qeyd edib ki, məhkəmə istintaqı zamanı ortaya heç bir sübut qoyulmayıb: “İntiqam Əliyevin həbsi birbaşa siyasi fəaliyyəti ilə bağlıdır. O, hakimiyyətə mane olurdu. Mane olanı da içəriyə salarlar. İntiqam Əliyev hansı dövriyyəsi məhdudlaşdırılan əşyalarla iş görə bilərdi? Bu ölkədə ən çox dövriyyəsi məhdudlaşdırılan insan haqları idi. İntiqam Əliyev də bu işlə məşğul olurdu, buna görə də həbs olundu. Onun yeganə günahı mühasib Gülşən Orucovaya inanmasıdır”.

Vəkil Cavad Cavadov isə İntiqam Əliyevin işinin Avropa İnsan Haqları Məhkəməsində kommunikasiyaya götürüldüyünü qeyd edib. O, hakimə deyib: “Yaxın zamanda Avropa Məhkəməsi bütün bu qərarları darmadağın edəcək. Ona görə də hələ vaxtınız var. Bunu nəzərə alıb İntiqam Əliyevə bəraət verin”.

Vəkil Elçin Sadıqov isə “Troya” filmini xatırladıb: “Bu filmdə bir epizod var. Sərkərdənin ölüm səhnəsində deyilir: “Bu sərkərdə ölsə də, hamı deyəcək ki, o, Axillesin dövründə yaşayıb. Zaman gələcək, deyiləcək ki, Fəxrəddin Mehdiyev, Elçin Sadiqov, Cavad Cavadov, Şəhla Hümbətova İntiqam Əliyevin vəkilləri olublar”.

Vəkil Fəxrəddin Mehdiyev də istintaqın ortaya heç bir sübut qoymadığını vurğulayıb: “Riyaziyyatda sıfır rəqəmi var. Sıfırı nəyə vursan sıfır alınır. Bu iş də o sıfıra bərabərdir”. Vəkil üzünü hakimlərə tutaraq deyib ki, əgər siz Allah dərgahında cavab verəcəyinizi düşünürsüzsə, o zaman ədalətli qərar verin.

Vəkillərin çıxışından sonra proses yekunlaşıb. Növbəti prosesdə İntiqam Əliyevə hökm oxunacağı gözlənilir.

Ana səhifəXəbərlər“Yaxın zamanda Avropa Məhkəməsi bütün bu qərarları darmadağın edəcək”