“Evimizdən heç nə götürmək imkanımız olmayıb”
Bakıda İsfəndiyar Zülalov küçəsi, “Kaktus” restoranının yaxınlığındakı məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli binada yanğın olub.
Bu barədə Meydan TV-yə bina sakinləri məlumat veriblər. 2 bloklu, 5 mərtəbəli binanın sakinləri yanğının nə səbəbdən baş verməsini bilmədiklərini söyləyiblər:
“Güman ki, elektrik naqillərindən yaranıb. Günorta saatlarında ətrafı qara tüstü və qoxu bürüdü. Həyətə çıxmışdıq ki, binanın bir başından yanğının başladığını gördük. Evə girib uşaqları götürənəcən yanğının ərazisi bir xeyli böyüdü. Köhnə binadır, camaat taxtadan balkon artırıb. Odur ki, yanğın çox tez bir zamanda yayılır”.
Sakinlər binadakıların evakuasiya edildiyini, hazırda yanğının söndürüldüyünü bildirirlər:
“Ancaq uşaqlarımızı götürüb çıxa bilmişik. Evimizdən heç nə götürmək imkanımız olmayıb. Hətta binanın nə qədər hissəsinin yandığını, bizim evə gəlib çatıb-çatmadığını da bilmirik. Yaxına buraxmırlar. Sönəndən sonra gedib görəcəyik evimiz yanıb, ya yox”.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri gəlib. Yanğın söndürülüb.