”Yarmarka hərəkətə maneə yaradır”

Sumqayıtlılar həftəsonu təşkil olunan yarmarkanın yerindən narazıdır

Source:
foto Meydan TV
foto Meydan TV
foto Meydan TV
foto Meydan TV


Sumqayıtlılar həftəsonu təşkil olunan yarmarkanın yerindən narazıdır

Sumqayıt sakinlərinin şikayəti var. Onlar Meydan TV-yə ünvanladıqları şikayət məktubunda şəhərin 12-ci mikrorayon ərazisində həftəsonu təşkil olunan ərzaq yarmarkasının həm hərəkəti məhdudlaşdırdığını, həm də küçənin ortasında antisanitar vəziyyət yaratdığını yazırlar:

“Keçən ilin dekabrın 26-dan Sumqayıt şəhəri, 12-ci mikrorayonda – Dəmiryol Vağzalının yanında yarmarka açılıb. Şənbə-bazar günlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası düz Üzeyir Hacıbəyov küçəsinin yol hissəsindəqurulur və hərəkəti məhdudlaşdırır. Yarmarkanın Koroğlu prospekti ilə kəsişdiyi hissəsi avtomobillərin intensiv hərəkət etdiyi yerdir. Odur ki, gediş-gəlişə maneçilik törədir”.

Sakinlər yarmarkanın qurulmasına etiraz etmirlər. Deyirlər, bu, piyadalar və maşınlar üçün daha rahat olan, münasib yerdə təşkil olunsa, daha yaxşı olar:

“Ərazidə gərginlik,basabas yaranmasın. Üstəlik, yarmarka keçirilən günü bir çox avtobus marşrutu,həmçinin adi avtomobillər yollarını dəyişməli olurlar. Həmçinin ictimai nəqliyyat da yolunu dəyişir. Bu da həm sərnişinlər, həm piyadalar, həm də sürücülər üçün əlavə narahatlıqdır”.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.

Qaydalara görə, yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə qurulmalıdır. Mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də, yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində yarmarkaların keçirilməsi qadağandır.

Bundan əlavə, kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyatı mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir.

foto Meydan TV
foto Meydan TV

Sakinlər bildirirlər ki, Sumqayıtda təşkil olunan yarmarkada bu qaydaların heç birinə əməl edilmir. Həm Dəmiryol Vağzalının yanında, həm də yolun hərəkət istiqamətində, özü də düz yolun ortasında, təşkil edilir:

“Yarmarka üçün şəhərdə yer qıtlığı ola bilər,amma bu qanunları pozmaq üçün heç kimə bəraət qazandırmır. Görəsən, niyə Sumqayıt İcra Hakimiyyəti ali dövlət orqanı olanNazirlər Kabinetinin qaydalarına fikir vermir? ”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Meydan TV-yə deyir ki, həmin yerdə əhali daha sıx olduğu üçün icra hakimiyyəti yarmarkanın məhz orada təşkil olunmasını təklif edib:

“Nazirlik yarmarkanın təşkilatçısıdır. Nazirlər Kabinetinin qərarına əsasən, yarmarkanın harada təşkil olunması, antisanitar qaydalara əməl edilməsi və s. işlər yerli icra hakimiyyətinin səlahiyyətindədir”.

Meydan TV sakinlərin şikayətini Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə də çatdırıb. Qurumdan problemi araşdırıb, cavab verəcəklərini desələr də, heç bir münasibət bildirilmədi.

Ana səhifəXəbərlər”Yarmarka hərəkətə maneə yaradır”