Yaqub Eyyubov: “Rusiya elə bir ölkə deyil ki, onunla sanksiyalar dilində danışasan”
İTAR-TASS agentliyi məlumat verir ki, bu açıqlamanı Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkənin hökumətlərarası komissiyalarının iclasında verib.
Yaqub Eyyubov bildirib ki, Rusiya böyük iqtisadi resurslara, böyük tarixə və əraziyə malikdir.
“Biz bilirik ki, Rusiyanın Avropa Birliyi və ABŞ-la çətin situasiyası yaranıb.
Rusiyanı sındırmaq heç kəsə nəsib olmayacaq. O heç zaman əyilməyəcək. Əksinə, bu təzyiqlər Rusiyanı daha da mətin edəcək”,-deyə o, cənab Eyyubov bildirib.
Birinci müavin Avropa Birliyi və ABŞ-nın Rusiyayla sanksiyalar diliylə danışmaqla böyük səhvə yol verdiyini deyib.
Azər Rəşidoğlu: “Rusiyanın “beşinci kalon”unu məhz Azərbaycan hakimiyyətində təmsil olunur”
Baş nazirin birinci müavininin dediklərini Meydan TV-yə şərh edən siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, Azərbaycan hakimiyyətində Rusiyanın maraqlarını birbaşa müdafiə edən məmurlar var: “Dəfələrlə bu tip bəyanatların şahidi olmuşuq. Eyyubovun açıqlaması rəsmi Bakının Kremlə doğru açıq-aydın reveransıdır. Azərbaycanda insan haqlarını müdafiə edən demokratik institutları sıradan çıxaran hakimiyyət daxili siyasətindəki Rusiya kursunu artıq xarici siyasətində də yeridir”.
Azər Rəşidoğlunun sözlərinə görə, hakimiyyətdəki “beşinci kalon” tam hücuma keçib: “Hansısa bir müxalifət, yaxud ictimai sektorda “beşinci
kalon” axtarmaq lazım deyil. Rusiyanın “beşinci kalon”unu məhz Azərbaycan hakimiyyətində təmsil olunur. Artıq onlar hakimiyyəti də Rusiyapərəst xətt yeritməyə vadar edirlər”.
O, bildirdi ki, indiki xəttin qarşısı alınmasa, daha ağır fəsadlar törədə bilər.
Politoloq Elxan Şahinoğlu baş nazirin birinci müavinin söylədiklərini öz Facebook səhifəsində belə şərh edib: “Sanksiyalar Rusiyaya qarşı ona görə tətbiq edilib ki, Ermənistan Dağlıq Qarabağı işğal etdiyi kimi Rusiya da Krımı ilhaq edib, Moskva Ukraynanı parçalayaraq bu ölkədə “ikinci Dağlıq Qarabağ” yaradıb”.
Politoloq daha sonra yazıb: “Bu məsələdə Rusiyaya haqq qazandırmaq dolayısıyla Ermənistana haqq qazandırmaq deməkdir. Yaqub Eyyubov diplomatik dildə deyər bilərdi ki, Azərbaycan Avropa Birliyi ilə Rusiya arasındakı qarşıdurmanın əleyhinədir, bütün məsələlərin danışıqların yoluyla həllinin tərəfdarıdır. Yoxsa, qaş düzətlmək yerinə gözü də vurub çıxarmaq lazım deyildi”.