Rövşən Hacıbəyli
Qarabağda islahat torpaqlar tam ələ keçiriləndən sonra aparılacaq
Prezident İlham Əliyev martın 28-də imzaladığı sərəncamla Məsim Əhməd oğlu Məmmədovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edib. Düz tapdız, Mikayıl Cabbarovun komandasındandır.
Bəs nədir, kimdir xüsusi nümayəndə? Bu, 44 günlük savaşdan, Qarabağ torpaqlarının bir hissəsi erməni işğalından azad edildikdən sonra ortaya çıxıb, ikili idarəçiliyin yeni növüdür. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə prezidentin 4 fevral 2021-ci il tarixli fərmanı ilə təsdiqlənib. Maraqlıdır ki, İlham Əliyev bu əsasnamə təsdiqlənməzdən öncə, yəni nümayəndəlik institutu yaranmazdan qabaq Aydın Kərimovu Şuşaya xüsusi nümayəndə təyin edib; Fərman imzalanmazdan 8 gün qabaq – 2021-ci il yanvarın 27-də. Bundan sonra prezidentin növbəti xüsusi nümayəndəsi Ağdam rayonu üzrə təyin olunub. Emin Zamin oğlu Hüseynov 24 may 2021-ci ildə bu vəzifəyə gətirilib. Ancaq elə həmin il dekabrın 1-də prezident Ağdam rayonu üzrə xüsusi nümayəndə vəzifəsini ləğv edib. Daha bir sərəncamla elə həmin Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
30 dekabr 2022-ci il sərəncamı ilə İlham Əliyev Vahid Rasim oğlu Hacıyevi Cəbrayıl, Qubadlı və Zəngilan üzrə xüsusi nümayədə təyin edib; yəni bölgü aparıb, 3 rayona bir nəfər. Hələlik son sərəncamla daha bir rayona – Laçın rayonuna da xüsusi nümayəndə təyin olunub. Yeri gəlmişkən, onu da xatırladaq ki, prezidentin xüsusi nümayədələr təyin etdiyi bütün rayonlarda həm də elə bu prezidentin təyin etdiyi icra başçıları var…
Xüsusi nümayəndənin xeyli səlahiyyəti var, onlardan biri Əsasnamənin 3-cü bölməsinin (3.Xüsusi nümayəndəliyin vəzifələri və hüquqları) 3.1.7. bəndidir: “müvafiq ərazi hüdudlarında dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya istifadəyə, icarəyə verilməsinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların səmərəli istifadəsi və mühafizəsi üçün zəruri tədbir görülməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları), bələdiyyə qarşısında məsələ qaldırmaq”.
Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanıyla respublikanın iqtisadi rayonlarının yeni bölgüsü aparılıb, Qarabağ iki iqtisadi rayona ayrılıb:
Qarabağ iqtisadi rayonu – Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları.
Şərqi Zəngəzur iqtisadi rayonu – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları.
Özəlləşdirmə aparılmayan, bələdiyyə seçkisi keçirilməyən bu rayonlarda bəs islahatlar necə aparılacaq? Bilməyənlər üçün xatırlatmaqda fayda var, Azərbaycanda özəlləşdirmə 4 mərhələdə aparılıb. I mərhələ 1996-1998-ci il, II mərhələ 1998-2000-ci il, III mərhələ 2000-2001-ci il, IV mərhələsə 2001-2005-ci illərdə olub. Bu illərdə Qarabağ torpaqları erməni işğalı altındaydı, yəni özəlləşdirmədən kənarda qalıb. Azərbaycanda ilk bələdiyyə seçkisi 1999-cu ildə keçirilib, onda da torpaqlarımız işğaldaydı. 44 günlük savaşdan – 2020-ci ildə torpaqlarımızın bir hissəsi işğaldan azd ediləndən sonra da Qarabağda hər hansı torpaq islahatı aparılmayıb. Bu isə o deməkdir ki, o torpaqların hansının dövlət, hansının bələdiyyə mülkiyyətində olduğu müəyyənləşməyib. Ən azı bu yerlərdə bələdiyyə seçkisi keçirilmədiyinə görə. Bu halda prezidentin xüsusi səlahiyyətli nümayəndəsi həmin torpaqlarla bağlı qərarı hansı əsaslarla verəcək? Məsələn, Şuşa rayonunun 44 kəndindən yalnız 2-si işğaldan azad edilib. Onlara da köç olmayıb. Qalan kəndlər hələ də rus-erməni işğalı altındadır. Eləcə də Ağdərənin, Xocavəndin, Əsgəranın, Xocalının özü və kəndləri hələ də işğaldadır. İşğaldan azad edilən torpaqlarınsa xeyli hissəsi elə 2020-ci ildən əkilir. Hansı qərarla, sərəncamla, hansı dövlət proqramıyla… bəlli deyil.
Ötən il – 2022-ci ilin 16 noyabrında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I DÖVLƏT PROQRAMI” qəbul edilib. O proqramda torpaq islahatına aid ayrıca bəndlər var, eyni zamanda rayonların coğrafi mövqeyi nəzərə alınaraq bölgü aparılıb:
“İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər”.
Bu bölgüdən göründüyü kimi, maldarlıq-qoyunçuluq təcrübəsi olan Kəlbəcər və Cəbrayılla bağlı hökumətin planı ayrıdır. O rayonlar kənd təsərrüfatından uzaq tutulacaq. Siyahıya salınan Xocavənd rayonunun çox hissəsi (rayon mərkəzi də daxil olmaqla) isə ermənilərin nəzarətindədir, bu halda həmin rayonla bağlı hökumətin böyük qayıdış planı bir qədər anlaşılmazdır, yəni əlində olmayan rayonda kənd təsərrüfatı və turizm necə inkişaf etdiriləcək? Xankəndiyə böyük qayıdış planını kim gerçəkləşdirəcək?!.
Yeri gəlmişkən, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 16 fevral 2023-cü ildə Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında deyib ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək:
“Bu ayın sonunda dövlət qurumlarının rəsmilərindən ibarət böyük nümayəndə heyəti Türkiyə və İsrailə səfər edəcək, bu ölkələrin torpaq islahatı sahəsində təcrübəsi öyrəniləcək”.
Elə həmin I Dövlət Proqramında aşağıdakı bəndlər də var:
5.1.10. Torpaq islahatlarının aparılması ilə bağlı təkliflər verilməsi – 2023‒2025.
5.1.13. Kənd təsərrüfatı təyinatlı torpaqların torpaq islahatına qədər müddətli icarəyə verilməsi ilə bağlı tədbirlər görülməsi – 2022‒2026.
Göründüyü kimi, hökumətin torpaq islahatında tələsən yeri yoxdur. Bunlar hələ 2026-cı ilə qədər təkliflər hazırlayacaq, o təkliflər əsasında da 2026-cı ildən sonra da torpaqları icarəyə verəcək. Yenə mina təhlükəsindən danışılacaq, əhalinin qayıtmasının təhlükəli olduğu deyiləcək, üstəlik, öz torpaqlarına qayıdıb-qayıtmamaqla bağlı qaçqınlar arasında 2020-ci ildən başlanan sorğular da davam etdiriləcək…
Yuxarıda vurğuladığımız kimi, min hektarlarla torpaq neçə ildir əkilir. “Azərsun”, “Paşa-Holdinq”, Hacı İbrahim, hansısa generallar torpaqları ələ keçirib əkir, hər il sahəsini genişləndirir, şübhə yoxdur ki, torpaq islahatında da udan onlar olacaq. Öyrənilən “beynəlxalq təcrübə” onların daha çox torpaq mənimsəməsinə gətirib çıxaracaq. 30 ildən artıq torpaq həsrətində olan qaçqına “ağıllı kənd”, ya da “ağıllı şəhər”də 2-3 otaqlı ev, 6 sot da torpaq verib “firavan” yaşamağa məcbur edəcəklər…
“Tezliklə öz doğma dədə-baba torpaqlarınıza qayıdacaqsız” – uzun illərdir aparılan bu təbliğata indi qarabağlıların aşağıdakı cavabını eşitsəniz, heç də təəccüblənməyin:
- Buyur, nənə, bu da sənə Yuryev günü…