“İstintaqın yekunundan asılı olaraq onun YAP sıralarında qalıb-qalmaması ilə bağlı qərar qəbul ediləcək”
Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədovun həbsinə münasibət bildirib
YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev “Report”a açıqlamasında deyib ki, kiminsə siyasi partiyada təmsil olunması onun hər hansı qanundankənar fəaliyyətini sığortalamır.
H.Paşayev qeyd edib ki, Məmməd Məmmədovun fəaliyyətində şübhələr aşkar edilib: “Ona görə də onu hüquq-mühafizə orqanları saxlayıb.
Hazırda istintaq aparılır. İstintaqın nəticəsinə uyğun olaraq qərarlar qəbul olunacaq. İstintaqın yekunundan asılı olaraq onun YAP sıralarında qalıb-qalmaması ilə bağlı qərar qəbul ediləcək”.
Səbail Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə səhlənkarlığı) maddələri ilə ittiham irəli sürülüb.