“Sitatın sonu” deyə bilmirəm, çünki ölkə belə ağır mənəviyyat travmaları ilə doludur
Hər dəfə eyni məkandan və eyni insandan yazmaqdan utanıram, amma geniş, dərin mövzulara girişməkdən də qorxuram. Çünki olsa-olsa yaşadığım yeri və o yerə aid insanları təsvir etməyə gücüm çatır. Əslində dağ olsun, aran olsun, kənd olsun, şəhər olsun, bütöv ölkədə rejim və xalq kütləsi eyni anormal münasibətdədir. Birincisi əzərək məmnundur, ikincisi əzilərək məmnunluq məcburiyyətində.
***
Nişan üzüyünü sələmçiyə girov qoyub toya gedən ədəbiyyat müəlliməsini gəlinin keçmiş sinif rəhbəri kimi mikrafona dəvət edirlər. Qudalar yerli hakimiyyətin daşlaşmış sütunları olduğundan salon məmurlarla doludur.
“Natiq” auditoriyanı ələ almaq təcrübəsindən çıxış edir:
– Heç yadımdan çıxmaz, beşinci sinifdə oxuyan Arzu bir gün tənəffüsdə mənə müraciət etdi:
– Müəllimə, nə edə bilərəm ki, yaşım sürətlə artsın?
– Bu, sənin nəyinə lazımdır ki, qızım? – deyə ondan soruşdum.
Arzu məktəbin divarına vurulmuş ulu öndərin portretinə məhəbbətlə baxıb ah çəkdi:
– YAP-a keçməyə tələsirəm, əziz müəllimə!
Arzunun artıq həyata keçmiş böyük arzusu o zaman məni uşaq kimi kövrəltdi. İnanın, parlaq gələcəyinə daim inandığım dəyərli şagirdimlə duyduğum qüruru ifadə etməyə söz tapmıram.
Təbrikin içinə özünün də “əməkdar müəllim” həsrətini yerləşdirən ədəbiyyat müəlliməsinin kövrək fantaziyasına hayıl-mayıl olmamaq mümkün deyil.
***
Toy demişkən, Kamaləddin Heydərovun oğlunun toyu yadınızdadırmı? Adam həyatının özəl günündə mikrafon götürüb mahnı oxuyur. Yəni, məşhur “Alagöz” mahnısını oxumağa özünəməxsus cəhd göstərir. Təbii ki, istisna hallarda hökumət rəsmisinin də sadə insan olaraq içindən gələni etmək haqqı anlaşılandır. Bu jesti hətta alqışlamaq da olar. İntəhası ifasını bitirər-bitirməz cənab nazirin səsləndirdiyi: – “Eşq olsun Heydər Əliyevə, eşq olsun İlham Əliyevə!” şüarını heç yerə yozmaq olmur. Əsərin sözləri, bəstəsi və indiyə qədər o klassik nümunəyə möhür vurmuş əvəzsiz ifalar əliyevlərə aid deyil. Məclis desən, yenə onlarla bir bağlılıq yoxdur. Sadəcə daimi narahatlıq, şübhə, xof və sairə kimi üzücü şeylər var ki, adam ondansa toydan borclu çıxsa, özünü daha rahat və xoşbəxt hiss edərdi.
***
Bir kişinin minnətdarlıq yazısıdır:
“Həyat yoldaşım qadın xəstəliyndən əziyyət çəkirdi. Çox yerlərə apardıq, çarə olmadı. Nəhayət, rayonumuzda fəaliyyət göstərən Diaqnostika Mərkəzinə gətirdik. Mərkəzin cərrahı (ad çəkmirəm, çünki az qala həkimlik bir iş yox imiş) ağır və uğurlu bir əməliyyat aparıb həyat yoldaşımı yenidən bizə qaytardı. Kişi bütün ailəsi adından həyat yoldaşının həyata dönməsində böyük əməyi olan ölkə rəhbərinə, neft şirkətinin prezidentinə, rayonun icra başçısına və ən sonda… əməliyyat həkiminə minnətdarlığını bildirir. Bu vacib sıralamada cərrah-həkimin heç olmasa unudulmadığına sevinirsən…
***
“Ailənin neçə illik büdcəsi hesabına rəsmi qulluğa qoyulan gənc axşam evə dilxor qayıdıb elan edir ki, daha işə getməyəcək. Ata soruşur:
– Səni işdən qovdumu?
– Yox, təhqir etdi…
– Bəs onda bunun harası təhqir olur? Adam əsəbiləşib səsini bir az qaldırıb deyə o boyda işi atmaqmı istəyirsən? Səhər adam balası kimi başını aşağı salıb işinə get. Nə desələr, vecinə almayıb, böyüklərin gözünə girməyə çalış. Yerini bərkidənə qədər hər şeyi birtəhər yola ver. “Bəli”, “baş üstə” deyə-deyə bir də görəcəksən özün adam söyürsən. Onun-bunun haqqından ötrü işini təhlükəyə atma. Xalqın dərdi sənə qalmayıb ki. Unutma, dilini dinc saxlayanın başı ağrımaz. Ölkə işsizlərlə doludur. Biz sənə sahib çıxıb iş düzəltdik ki, həm özün mənsəb sahibi olasan, həm evin külfətinə faydan toxunsun.
– Ay ata, adam axı, ana söyüşü söydü. İndi heç nə olmamış kimi gedib onun əlinin altında necə işləyim?
– Heç nə olmamış kimi? Bəs nə olub ki? O, orda söyməklə ananın canı incidimi burda? Söyüş havadı, bala. Ağız açılıb yumulunca uçub gedir. Mənim anamı da söyüblər. Ürəkləri soyumayanda başıma da nəsə çırpıblar. Yenə dinməzcə işimə gedib-gəlmişəm. Nə anamın zəri tökülüb, nə də başımın. Əksinə, artmışıq ki, azalmamışıq.
“Sitatın sonu” deyə bilmirəm, çünki ölkə belə ağır mənəviyyat travmaları ilə doludur. Amma həbsi, işgəncəni gözünün altına alıb qul psixologiyasına üsyan edən fərdlər daha zəngin və yenilməzdir. Üstəlik, “yoluxucu”durlar.
Ucunda Kürdəxanı olsa belə, şüurlu vətəndaşı sındırmaq get-gedə müşkülə dönür…
Hökumət bu “epidemiyanın” qarşısını ala biləcəkmi?
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.