Yanğından sonra 53 nəfər evsiz qalıb

16 sentyabrda baş verən yanğından sonra 53 nəfər evsiz qalıb. Sumqayıt şəhəri, Kərim Kərimov küçəsində yaşayan sakinlərin təxmininə görə, hadisə elektrik naqillərindəki qısaqapanmadan baş verib. Onlar naqillərin köhnəldiyini və yanğının həmin gün işığın sönüb yenidən yanması zamanı baş verdiyini deyirlər. Nəticədə insan itkisi olmasa da, sakinlərə aid sənədlər, pul vəsaitləri, qızıllar, ev əşyaları yanıb.

Yanğından zərər çəkən 10 ailədən yeddisi məcburi köçkündür. Hadisədən sonra əraziyə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi deyib ki, məcburi köçkünlərə kompensasiya ödəniləcək. Yerdə qalan digər 3 ailəyə isə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüblər. Onlardan da hələ bir xəbər çıxmayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, əraziyə baxan icra nümayəndəliyinə zəng etsək də, heç kim dəstəyi götürmədi.

Dövlət qurumlarından əlini üzən İlhamə Vəliyeva qonşuların, qohumların köməyi ilə evini yenidən tikir.

Sakinlər yanğından sonra ya küçədə, ya qohumlarında, ya da yaxınlıqdakı kiçik daxmalarda gecələyirlər. Onların tək istəyi var, ayrı-seçkilik qoyulmadan hamıya kompensasiya ödənilsin.

Ana səhifəVideoYanğından sonra 53 nəfər evsiz qalıb