Yanan binaya görə təqsirləndirilən məmur komaya düşüb

Məhkəmə prosesi avqustun 16-na təxirə salınıb

Source:


Məhkəmə prosesi avqustun 16-na təxirə salınıb

Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilənlərdən biri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov səhhətində yaranmış problemə görə, məhkəməyə gələ bilməyib və verilən məlumata görə, o, komaya düşüb.

Buna görə də məhkəmə prosesi avqustun 16-da davam etdiriləcək.

2015-ci il mayın 19-da Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC-nin təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Ana səhifəXəbərlərYanan binaya görə təqsirləndirilən məmur komaya düşüb