Yanan binaya görə həbs olunanların məhkəməsi başladı

Vəkil: ”Miryusif Mahmudovu aparıb MTN-də saxlayıblar və bunların heç biri rəsmiləşdirilməyib”

Source:


Vəkil: ”Miryusif Mahmudovu aparıb MTN-də saxlayıblar və bunların heç biri rəsmiləşdirilməyib”

İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş verən yanğında təqsirləndirilən Miryusif Mahmudov, Ələkbərov Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Prosesi izəyən Meydan TV əməkdaşının məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında Akif Əlibəyovun vəkili vəsatətlə çıxış edərək, müdafiə etdiyi şəxsin barəsində cinayət işinə xitam verilməsini istəyib.

Miryusif Mahmudovun vəkilləri isə onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər.

Onun vəkillərindən Şahmar Məmmədov bildirib ki, M.Mahmudova qarşı əsassız ittihamlar verilib:”Miryusif Mahmudov tanınmış iş adamıdır. Bir çox iş yerinin açılmasında əməyi olub. Həmin üzlüklər Türkiyədən hazır şəkildə gətirilib. Burada bütün orqanlardan sertifikat alınıb. Müdafiə etdiyim şəxs prezident tərəfindən “Əməkdar mühəndis” adına layiq görülüb. Xahiş edirik, həbs-qətimkan tədbiri dəyişdirilsin”. Onun digər vəkili İlhamə Həsənova isə bildirib ki, məhkəməyə təqdim edilən 32 cildlik materialdan yalnız 1-2-si sübut kimi götürülə bilər:”İstintaq bu işə qərəzli yanaşıb. Sübutlar əsassızdır və cinayət işinin materiallarından çıxarılmalıdır. Təqsirləndirilənlərin müdafiə hüququ pozulub. Yanğın baş verən zaman hələ yanğın söndürülməmiş bu işə dəxli olmayan MTN əməkdaşları “Global Stone” və “Global Constaction” şirkətlərinin ofislərində axtarış aparıblar. Miryusif Mahmudovu aparıb MTN-də saxlayıblar və bunların heç biri rəsmiləşdirilməyib. Daha sonra onu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıblar. İstintaq zamanı şahidlər və zərərçəkənlərin müxtəlif vaxtlarda verdikləri ifadələr nöqtəsinə qədər eynidir. Bilirik ki istintaq orqanı şablonlarla işləyir. Amma insanların taleyi ilə belə oynamaq olmaz. Ekspert eyni saatda iki meyit yoxlayıb. Bəzi sübutlar saxtalaşdırılıb. Xahiş edirik həmin sübutlar siyahıdan çıxarılsın”. Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva isə onun səhhətinin ağır olduğunu deyib və həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Bundan sonra hakimlər iclasa iyunun 28-dək fasilə verdiklərini deyiblər.

Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumata görə, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” zavodonun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini labarotoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigeyana və Epidemologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Ana səhifəXəbərlərYanan binaya görə həbs olunanların məhkəməsi başladı