”Yanan bina” işində hökm oxundu

Miryusif Mahmudov 8 il azadlıqdan məhrum edildi

Source:


Miryusif Mahmudov 8 il azadlıqdan məhrum edildi

Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyova hökm oxunub.

Meydan TV-nin məlumatına görə, Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov 4 il, Q.Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay, Ağacavad Məmmədov və Akif Əlibəyov isə şərti cəza alıblar

Hökmdə qeyd edilib ki, baş vermiş hadisə nəticəsində dövlətə 8 milyon 750 manat ziyan dəyib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsələr də, onların cinayət əməlləri şahid ifadələri və digər faktlarla sübuta yetirilib

Dövlət ittihamçısı çıxışında M.Mahmudovun 10 il, Ə.Əsgərovun 7 il, U.Bəşirovun 8 il, Q.Novruzovun 7 il, Ə.Rəcəbovun 7 il, N.Orucovun 5 il , A.Məmmədovun 5 il və A.Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əmlakının müsadirə olunmasını tələb etməsə də, məhkəmə öz təşəbbüsü ilə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb.

Zərərçəkmişlərin mülki iddiaları isə baxılmamış saxlanılıb. Uğur Bəşirovun atasından qalan ev, M.Mahmudovun torpaq sahələri, mənzilləri və digər təqsirləndirilənlərin əmlakları müsadirə olunub.

İbtidai istintaq zamanı bu şəxslərin əmlaklarına həbs qoyulsa da, dəyəri müəyyən olunmayıb.

2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Miryusif Mahmudov

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Ana səhifəXəbərlər”Yanan bina” işində hökm oxundu