“Yanacağın qiymətinin dəyişməsi gözlənilmir”

“Bu, həm iqtisadi, həm də əhalinin sosial durumu baxımından əsaslandırılan addım deyil”

Source:

“Bu, həm iqtisadi, həm də əhalinin sosial durumu baxımından əsaslandırılan addım deyil”

Aprelin 1-dən günün sonunda yanacağın qiymətinin artacağı haqqında deyerler.org saytının yaydığı məlumat mediada və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Sonuncu dəfə yanacağın qiyməti ötən ilin dekabrın 2-də artırılmışdı. O zaman hökumət bu addımını həm də SOCAR-ın yanacaq istehsalında “Avro 3″ standartına keçməsinin benzinin maya dəyərinə təsir edəcəyini vurğulamışdı. Amma iqtisadçılar bu yanaşmanı bölüşməyib qiymət artımına əsas görməmişdilər. Bu ilin aprelin 1-dən isə “Avro 4” standartına keçildi və bu amilin yanacağın qiymətinin artacağına təsir edəcəyi söylənildi.

Yayılmış məlumatla bağlı aprelin 2-də günün birinci yarısında rəsmi qurumlar açıqlama yayıblar. Trendin yaydığı məlumata görə, Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb. Agentlik məlumatı ən iri YDM operatorları olan ARDNŞ və “Azpetrol”a istinadən yayıb. Məlumatda bildirilir ki, başqa benzin markalarının qiymətləri dəyişməz qalır.

Bildirilir ki, AI-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Eyni zamanda, Azərbaycanda istehsal olunan neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə ötən ilin dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.

Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib. Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 markalı benzininin qiyməti isə 55 qəpik təşkil edirdi.

Meydan TV-yə şərhində İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı Azər Mehtiyev yayılan şaiyələri aprelin 1-dən “Avro 4” standartlarına keçidlə bağlı olduğunu güman edir. Onun sözlərinə görə, hər zaman yanacağın avro standartlara uyğunlaşdırılmasını əlavə xərclərin başa gəlməsi ilə əlaqələndirirlər: “Hesab edirlər ki, standartlar dəyişirsə, əlavə xərclər yanacağın qiymətinin dəyişməsi ilə nəticələnə bilər. Amma aprelin 1-dən tətbiq olunan “Avro 4” daha çox ölkəyə gətirilən avtomobillərə münasibətdə tətbiq olunur. Yəni bundan sonra ölkəyə “Avro 4” standartlarına cavab verməyən avtomobillərin gətirilməsi qadağan olunsa da, ölkə daxilində istifadə olunan yanacağın “Avro 4” standartlarına keçidi hələ baş verməyib. Səbəb də odur ki, standartlara keçid zaman tələb edir, neft zavodlarının strukturlarının yenidən qurulmasına ehtiyac var”.

O, bildirdi ki, “Avro 2” standartlarına keçid yenicə başa çatıb, indiki halda neftayırma zavodlarının “Avro 4” standartlarına uyğun yanacaq istehsal etmək imkanları yoxdur. Bu halda isə yanacağın qiymətinin dəyişməsi gözlənilən deyil”.

İqtisadçı ötən ilin dekabrın 3-də yanacağın qiymətinin artırılmasını xatırladaraq qısa müddətdə yenidən qiymət artımını yolverilməs hesab etdi. Bu, həm iqtisadi, həm də əhalinin sosial durumu baxımından əsaslandırılan addım deyil: “Bundan əlavə Qaradağ rayonunda yeni neft-kimya kompleksinin tikintisi başa çatdıqdan sonra yeni istehsal olunacaq yanacağın standartları daha yüksək səviyyəyə uyğunlaşdırılacaq. Amma bu 4-5 il davam edəcək proses olduğundan 2020-ci ildən tez olması gözlənilmir. Eyni zamanda, ötən ilin dekabrında yanacağın qiyməti artandan sonra ARDNŞ prezidenti elan etmişdi ki, neftayırma zavodlarının gücü ölkə daxilindəki tələbatları ödəyə bilmədiyindən bu müəssisələr A-92 markalı yanacağının istehsalıyla məşğul olacaq. Ondan yüksək markalı benzinlər isə ölkəyə idxal olunacağından qiymət idxaldan asılı olacaq”.

Ana səhifəXəbərlər“Yanacağın qiymətinin dəyişməsi gözlənilmir”