“Bunun qarşısını alan yoxdur, problemi təbii fəlakət kimi bəhanələrlə yola verirlər”
Gəncədə hər şiddətli yağışdan sonra əksər küçələri, fərdi yaşayış evlərini su basır.
Gəncə sakinləri Meydan TV-yə danışır ki, şəhərin Məhsəti qəsəbəsidə yağışdan sonra gölməçələrin yaranması adi hala çevrilib. Bir neçə gündür hava yağmurlu keçir, nəticədə Məhsəti qəsəbəsindəki fərdi evlər yenə su ilə dolub.
Sakinlərdən Mübariz Məmmədov deyir, qəsəbələrdə kanalizasiya xətti yoxdur, evlər o qədər nizamsız tikilib ki, yağış suyunun axması üçün yol, yaxud xəndək qalmayıb:
“Gəncə kimi şəhərdə hər yağışdan sonra yollarda gölməçələr yaranır. Hətta şəhərin mərkəzi küçələrini də su basır. Bunun qarşısını alan yoxdur, problemi təbii fəlakət kimi bəhanələrlə yola verirlər”.
Qəsəbənin sakinləri bildiriblər ki, yağışlı günlərdə rezin çəkmə geyinirlər, çünki küçə topuqdan yuxarıya qədər su olur. Uşaqları, qocaları küçəyə çıxmağa qoymurlar ki, hər an yıxılıb, zədə ala bilərlər. Bəzən isə hətta avtomobillərin içinə su dolur, maşın sıradan çıxır.
Yeni Gəncə yaşayış massivində də yağışdan sonra su həyətlərə, zirzəmilərə dolur, bəzən birinci mərtəbəyə qədər qalxır. Sakinlərdən Adəm Əliyev bildirib ki, yağışdan sonra su çəkilir, amma problemi birdəfəlik həll etmək lazımdır.
Gəncə şəhər Sukanal İdarəsinin yaydığı məlumatda isə deyilir ki, Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən şəhərin əksər küçə və prospektlərində köhnə su boruları yeniləri ilə əvəzlənir. Su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə də bu işlər həyata keçirilir.
İndi Məhsəti qəsəbəsinin sakinləri həmin yenilənmə və yenidənqurulmanın onların ərazisinə nə zaman çatacağı günü gözləyir.