Lənkəran Şəhər məhkəməsi müsavatçıya 6 il həbs cəzası vermiş, Şirvan Şəhər Apellyasiya məhkəməsi isə bu müddəti 2 il azaldıb
Ali Məhkəmə Müsavat başqanının həbsdə olan müavini Yadigar Sadıqovun şikayət ərizəsinə baxıb. Bu barədə Müsavat başqanı Arif Hacılı sosial şəbəkədə yazıb. A. Hacılı qeyd edib ki, Yadigar Sadıqovun cəza müddətinin üzərindən daha 6 ay götürülüb.
Y.Sadıqova Lənkəran Şəhər məhkəməsi 6 il həbs cəzası vermiş, Şirvan Şəhər Appelyasiya məhkəməsi isə bu müddəti 2 il azaldıb.
Müsavatçının hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah “Turan İA”-a bildirib ki, Ali Məhkəmə Y.Sadiqova qarşı 223.3-cü maddə (silah işlətməklə xuliqanlıq törətmək) üzrə ittihamı 221.1-ci maddəyə (xuliqanlıq) tövsif edib. Beləliklə, məhkəmə faktiki olaraq Y.Sadıqovun qanunsuz həbsini tanıyıb. İş bundadır ki, 221.1 maddə həbs qətimkan tədbirini nəzərdə tutmur.
E.Fəttah qeyd edib ki, Y.Sadıqovun qanunsuz məhkəməyə qədərki həbsi onun siyasi motivlərlə təqib olunduğunu təsdiqləyir.
Bundan əlavə, 2014-cü ilin dekabrında Y.Sadıqov həbs müddətinin üçdə bir hissəsini çəkdiyinə görə şərti olaraq azadlığa buraxılmasından əsassız olaraq imtina edilib.
Məhkəmə bunu koloniyadan verilmiş Y.Sadıqovun “əməyə maraq göstərməməsi” barədə sovet dövrünə xas xasiyyətnamə ilə izah edib.
Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.
* Yadigar Sadıqov 2013-cü ilin iyununda xuliqanlıq ittihamı ilə həbs edilib. Lənkəran Şəhər Məhkəməsi ona 6 il həbs cəzası verib. Şirvan Şəhər Appelyasiya Məhkəməsi bu müddəti 2 il azaldıb.
Y. Sadıqov hüquq- müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınır.-