Xocalı – 22

Xocalını, xocalılıarı qoruya bilmədik, heç olmasa…

Source:

Yenə 26 fevral, yenə tanış mənzərələr, ağlayıb-sızlamalar, özünü erməniyəoxşatma taktikası, sözdə “Erməni soyqırımı”nın hayfını çıxma cəhdlərinin şahidi oluruq. Mən bu hadisə ilə əlaqədar kiçik araşdırmanı nəzərinizə çatdırmaq istəyirəm:

Azərbaycan hakimiyyəti iddia edir ki, Xocalı faciəsini soyqırım (genocide) kimi tanıyan ölkələr bunlardır: Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya, Peru və Honduras. Nəzərə alsaq ki, dünyada 200-ə yaxın ölkə var. 22 ilə yeddi ölkə tanıyıbsa görün biz hələ neçə il ağlamalıyıq ki, Xocalını bir çox ciddi ölkələr soyqırım kimi tanısınlar.

Xocalı faciəsini qətliam (massacre) kimi tanıyan ABŞ ştatlarının sayı isə 14-dür. ABŞ-da isə 51 ştat var. Onlar da “Xocalı” soyqırımını 22 ildə sadəcə cəmi 14 ştatda qətliam kimi tanıyıblar.

Yuxarıda qeyd olunan ölkələrin bəzilərinin məhz “soyqırım” kimi tanıması müzakirəlidir. Hakimiyyətin “qətliam” ifadəsini bizlərə “soyqırım” kimi sırıması, Xocalıdan sui-istifadə edib xalqı aldatması da ayrı bir abırsızlıq nümunəsidir.

Çünki beynəlxalq hüquq normalarına görə bu iki termin fərqli mənalarda qəbul olunur. Soyqırım – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Qətliam isə özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızca öldürülməsi hadisəsidir.

Bu baxımdan Xocalının soyqırım kimi tanınması daha ciddi və Azərbaycan xarici siyasətinin bir növ uğuru sayıla bilər. Onu da təəssüflə qeyd edim ki, Azərbaycan Milli Məclisi hələ də Xocalını məhz soyqırım kimi tanımayıb. Xocalı soyqırımı haqqında müəyyən bəyanatlar olsa da, rəsmi olaraq bu barədə qanun layihəsi qəbul olunmayıb.

Deputatlar belə bir qanun layihəsinin qəbul edilməsini ciddi bir nəticəyə gətirib çıxarmayacağını deyirlər. Özün bunu qəbul etmədiyin təqdirdə digər ölkələrdən ədalət, soyqırım tələb etmək hansı ədalətə sığır?

Bu faciədən də Əliyevlər ailəsi öz xeyrini güdərək, insanların matəmi üzərindən imic qazanaraq, “Xocalıya ədalət” kampaniyası adı altında Leyla Əliyevanın piarını apararaq artıq illərdir davam edən həyasızlıqla məşğul olur.

Diaspora təşkilatlarına xeyli sayda vəsait ayırıb, müxtəlif ölkələrdə 50 avro müqabilində azərbaycanlıları “Xocalı” tədbirlərinə avtobuslarla gətirib, yerdə qalan pulu öz övladına toy-düyün edənlərin qeyri-səmimiliyi və saxtakarlığına gəlincə isə bu əsl simasızlıq və əclaflıqdır.

Ölkədə bu qədər əsgər ölümlərinə, Qarabağ qazilərinin özünü yandırmasına, məcburi köçkünlərə, elə Xocalıdan didərgin düşmüş ailələrin vəziyyətinə baxsaq kifayət edər ki, bu göyə sovrulan, oğurlanan pullar Xocalı həqiqətləri kimi insanın gözünü deşsin. Ölkədəki bu həqiqətlərə kor olub, dünyanı ədalətə səsləmək, kor olmamağa səsləmək də bir başqa məntiqsizliyin, bu rejimin vətənpərvərlik kartı ilə başımızı necə girinc etməsinin göstəricisidir.

Xocalını, xocalılıarı qoruya bilmədik, heç olmasa yaşayan Qarabağ əlillərini, Xocalıdan didərgin düşmüşləri, salamat olan vətəndaşlarımızı qoruyaq, onların ədalətini bərpa edək.

Ana səhifəMənim FikrimcəXocalı – 22