XİN Niderlandı insan haqlarını pozmaqda günahlandırır

”Nazirlik Ərdoğanın maraqlarına xidmət edən bəyanat verib”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Nazirlik Ərdoğanın maraqlarına xidmət edən bəyanat verib”

Azərbaycan Xarici İşlər Nazirliyi Niderlandın Türkiyəyə qarşı hərəkətini qərəzli və ziddiyyətli adlandırıb.

Bununla bağlı bəyanat yayıb. Bildirir ki, bəzi Avropa təsisatları, xüsusilə Avropa parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” edir.

XİN bunları “diplomatik və konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə” pozulması kimi qiymətləndirir:

“Bütün bunlar Avropada yayılmaqda olan islamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu göstərir”.

“Bəyanatda həm narahatlıq, həm də ziddiyyətli məqamlar var”

Siyasi icmalçı Hikmət Hacızadə deyir ki, burada həm narahatlıq, həm də ziddiyyətli məqamlar var. Amma nazirliyin bəyanatından Azərbaycanın da avtoritar rejim olduğu və avtoritar müttəfiq tapdığı görünür:

“Bəyanat Azərbaycan hakimiyyətinin özünü  və yaratdığı avtoritar üsul-idarəsinin müdafiəsidir. Yəni Azərbaycanda insan haqları pozulmur, qərəzlisiniz, dövlətlərə ikili standartlarla yanaşırsınız. Nəinki bizə, hamıya qarşı beləsiniz”.

Hikmət Hacızadə foto Meydan TV

“Terror aktları avropalıları hərbi psixoz vəziyyətinə salıb”

H.Hacızadə Avropa ölkələrində islamafobiyanın boş yerə yaranmadığını söyləyir. Deyir, islam ölkələrinin xırda qrupları vəziyyəti elə həddə çatdırıblar ki, Avropada bütün müsəlmanlardan qorxurlar:

“Günahı islamı biabır edənlərdə axtarmaq lazımdır, nəinki Avropa dövlətlərində. Terror aktları avropalıları hərbi psixoz vəziyyətinə salıb. Təkcə Almaniya islam ölkələrindən yüz minlərlə insanı qaçqın kimi qəbul edib. Yaxud öz qanunverici orqanlarına, şəhər bələdiyyələrinə və rəhbərliyinə müsəlmanlardan seçirlər”.

“Niderland Avropanın demokratik dəyərlərə və insan hüquqlarına sayğı ilə yanaşan dövlətlərindəndir”

Hüquq müdafiəçisi Bəşir Süleymanlı Azərbaycan hökümətinin belə bir bəyanatla çıxış etməsinin gülməli olduğunu düşünür. Deyir, öz ölkəsində insan hüquqlarını pozan, demokratik təsisatları məhv edən, birləşmək və toplaşmaq azadlıqlarını məhdudlaşdıran bir ölkənin Xarici İşlər Nazirliyinin demokratik bir ölkəyə irad bildirməsi ədalətsizlikdir:

“Niderland Avropanın demokratik dəyərlərə və insan hüquqlarına sayğı ilə yanaşan ən irəlidə gedən dövlətlərindən biridir. Bu ölkədə xeyli sayda türk kökənli, o cümlədən, müsəlman vətəndaşlar yaşayır. İndiyə qədər fundamental olaraq bu şəxslərə qarşı hər hansı hüquq pozuntusu və diskriminasiya ilə bağlı bir statistika və hesabat açıqlanmayıb. Amma Azərbaycanla neqativ yüklü xəbərlərə hər rübdə rast gəlmək mümkündür”.

Bəşir Süleymanlı

“Özləri də verdiyi bəyanatın gerçəkliyinə və effektivliyinə inanmır”

Bəşir Süleymanlı deyir ki, seçkilərin saxtalaşdırılması ilə bağlı ATƏT-in hesabatları, siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatların bəyənatları var:

“Hesab edirəm ki, özləri də verdiyi bəyanatın gerçəkliyinə və effektivliyinə inanmır. Sadəcə, Türkiyə hakimiyyətinin, Ərdoğanın maraqlarına xidmət edən növbəti bir bəyanat veriblər”.

Ana səhifəXəbərlərXİN Niderlandı insan haqlarını pozmaqda günahlandırır