XİN Dağlıq Qarabağa üçüncü yol çəkilişi ilə bağlı etiraz bəyanatı yayıb

“Bu, Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunun növbəti nümunəsidir”

Foto: Joshua Kucera


“Bu, Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunun növbəti nümunəsidir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Dağlıq Qarabağa üçüncü yol çəkməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan hakimiyyətinin yüksək vəzifəli nümayəndəsinin Azərbaycanın işğal olunmuş əraziləri boyunca “cənub istiqaməti” adlandırılan yeni yolun çəkilməsi barədə verdiyi açıqlama bu dövlətin əsl niyyətinin hərbi işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirmək və münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək, Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunun növbəti nümunəsidir.

XİN bu addımı Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət adlandırıb:

“O cümlədən infrastruktur dəyişikliyinin aparılması Ermənistanın münaqişənin sülh yolu ilə həll edilməsi barədə iddialarının riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmadığını göstərir. “Şimal istiqaməti” adlandırılan və işğal olunmuş Kəlbəcər rayonundan çəkilmiş “Vardenis-Ağdərə” avtomobil yolu, eləcə də mərkəzi “Gorus-Laçın” avtomobil yolu təcrübəsi göstərir ki, Qubadlı və Cəbrayıl rayonlarından çəkilməsi nəzərdə tutulan yeni yol işğal altında olan bu ərazilərin təbii və digər resurslarının daha aqressiv formada talan edilməsinə xidmət edəcək. Ümumiyyətlə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişikliyi ilə bərabər, maddi-mədəni irsin məhv edilməsi, demoqrafik tərkibin dəyişdirilməsi, mineral resursların talan edilməsi və digər bu kimi qeyri-qanuni fəaliyyətlər həyata keçirir”.

Xarici İşlər Nazirliyi xatırladır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış faktaraşdırıcı və qiymətləndirmə missiyalarının nəticəsi olaraq hazırlanmış hesabatlarda qeyri-qanuni fəaliyyətlərin sülh prosesinə ciddi təhlükə yaratdığı təsbit olunur. 2018-ci ildə hazırlanmış “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peyk məlumatları əsasında sübutlar” adlı hesabatda Ermənistanın qeyri-qanuni əməllərinin miqyası tam aydın şəkildə özünü göstərir.

XİN eyni zamanda beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il tarixli Cenevrə Konvensiyası və Əlavə Protokollarını xatırladaraq bildirib ki, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlərin aparılması qadağandır.

“ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi işğal olunmuş ərazilərimizdə aparılan və danışıqlar prosesinə ciddi zərbə vuran qeyri-qanuni fəaliyyətləri ciddi şəkildə nəzərə almalıdırlar. Münaqişənin həlli ilə bağlı münbit şəraitin yaradılmasına baxmayaraq, Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək destruktiv şəkildə qeyri-qanuni fəaliyyətləri davam etdirməsi danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti təxribatçı cəhddir. Buna görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. İşğalçı ölkənin bu kimi təxribatçı əməllərinə müvafiq şəkildə cavab vermək hüququnu Azərbaycan özündə saxlayır”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, artıq rəsmi Bakı bütün imkanlarını səfərbər edib ərazi bütövlüyünü bərpa etməlidir, başqa variant yoxdur.

Jurnalist mühacir Rauf Mirqədirov
Rauf Mirqədirov

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov isə deyir ki, Azərbaycan hökuməti indiyə qədər çox işlər görməli idi:

“Biz çox vaxt itirmişik. Birinci, Azərbaycan çoxdan işğal olunmuş ərazilər barəsində qanun qəbul etməliydi. Bu qanun işğal altındakı ərazilərdə fəaliyyətə aydınlıq gətirilməliydi. Məsələn, həmin ərazilərdə humanitar, insan haqlarının müdafiəsi, kommersiya təşkilatların iştirakına aydınlıq gətirilməliydi. Amma rəsmi Bakı heç bir iş görməyib. İkinci, sərhədlərin pozulması hüquqi məsuliyyət daşıyır, təəssüflər ki, 30 ildə milli hüquq çərçivəsində işğal olunmuş ərazilərin sərhədləri qanunvericilik sahəsində müəyyənləşdirilməyib. Məsələn, həmin ərazidə işləyən hər hansı beynəlxalq şirkət Azərbaycan ərazisində işləyə bilməz. Ancaq biz o qədər vaxt itirmişik ki, Gürcüstan və Ukraynanın etdiyinin heç bir neçə faizini həyata keçirməmişik. Bu ölkələrin parlamentləri işğal olunmuş əraziləri barəsində qanun qəbul ediblər. Belə vəziyyətdə indi heç nə edə bilmərik. Çünki müdafiə naziri Zakir Həsənov özü bu yaxınlarda etiraf etdi ki, beynəlxalq şərait problemin hərbi yolla həlinə imkan vermir. Ona görə Xarici İşlər Nazirliyinin bəyanatlar söz yığınından başqa bir şey deyil”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 23-də Azadlıq Radiosunun erməni xidmətinə bildirib ki, Dağlıq Qarabağa üçüncü yolu çəkmək üçün Xankəndinə gedib:

“Yeni yol da daxil olmaqla strateji infrastruktur layihələrini müzakirə ediblər. 2020-ci ildə150 kilometrədək yeni yolun çəkilişinə başlamaq planlaşdırılır. Plana əsasən, bu yol Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Xocavənd rayonunu birləşdirməlidir”.

Ana səhifəXəbərlərXİN Dağlıq Qarabağa üçüncü yol çəkilişi ilə bağlı etiraz bəyanatı yayıb