Meydan TV-nin hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan jurnalisti Ramin Dekonun (Cəbrayılzadə) yazısını olduğu kimi təqdim edirik:
Azərbaycan telekanallarına baxanda ölkənin böyük bir bataqlıqda olduğunu anlayırsan. Yalan, riyakarlıq, dələduzluq, nadanlıq açıq-aşkar təbliğ edilir.
Ölkənin telekanalları Anton Çexovun “6 nömrəli palata”sına bənzəyir. Hansı kanalı çevirirsən, hansı verilişə baxırsan bir neçə həkimi görürsən. Yox, elə düşünməyin ki, televiziyalar tibb elminin nümayəndələrinə efirdə yer verməklə tamaşaçıları maarifləndirir. Qətiyyən! Həkimlər pul qarşılığında, sponsor kimi verilişlərə çıxaraq öz reklamlarını aparırlar. Bel-çanaq ağrılarından danışan kim, süd vəzi xərçəngindən söz açan kim, mədə-bağırsaq xəstəliyi haqqında məruzələr söyləyən kim. Fərqi yoxdur nə verilişdir, mütləq həkim olmalıdır.
Musiqili verilişdə bir də görürsən xanəndənin zənguləsi bitməmiş sponsor-həkim prostat xəstəliyindən danışır. Səyahət verilişində aparıcı hansısa bir əyalət haqda danışa-danışa yolun ortasında beyin cərrahı peyda olub travmalardan söz açır. Bir sözlə, adamın beyni anındaca error verir. Niyə? Çünki ölkədə reklam bazarı ölü vəziyyətdədir. Bunun bir səbəbi siyasi hakimiyyətin hər şeyə nəzarət etməsidirsə, digər nədəni keyfiyyətli verilişlərin olmamasıdır. İnterneti olan televiziyalara baxmır, baxanların da çoxu qonşu dövlətlər – Rusiya, Türkiyə və ya Qərb telekanallarını izləyir. Tamaşaçısı olmayan verilişə, telekanala isə heç bir şirkət reklam verməz. Bizdə olan barmaqla sayılacaq reklam çarxları yenə siyasi hakimiyyətin diktəsi ilə telekanallar arasında bölünür.
Normal ölkədə, normal şərtlər altında bizim televiziyalar maksimum bir ay ərzində qapılarını qıfıllayarlar. Xəbərlər proqramı sıfır, maarifləndirici verilişlər yox dərəcəsindədir. Uşaqlar üçün əyləncəli süjetlər, yaxud da tok-şoular gözə çarpmır. Belə də azsaylı tamaşaçıya, izləyiciyə ala-çiy məhsullar təqdim edən TV-lər hökumətdən asılı olur. “Pulu kim verirsə, musiqini də o sifariş edir”, – artıq bir el məsəlinə çevrilən bu deyim bizim telekanalların əyinlərinə tam biçilmiş kimidir. O üzdən televiziyalar verilişə uyğun olub-olmadı sponsor-həkimləri çıxardaraq ciblərini doldurmağa çalışırlar. Müstəqilliyə qədər ölkədə bir telekanal – AzTV fəaliyyət göstərirdi. Artıq 35 ildir SSRİ yoxdur, amma yenə də nəyinsə dəyişdiyi hiss olunmur. Yəni, özəl telekanallar bu gün birdəfəlik bağlansa həyatımızda hansısa boşluq, çuxur yaranmayacaq. Halbuki bu normal ölkədə cəmiyyət üçün biabırçılıq sayılar.
Yox kimi olan televiziyaların içərisində yenə AzTV abırlıdır. Ən azından bu telekanala baxanda, xəbərləri izləyəndə hər şeyi əksinə təsəvvür edib bir nəticəyə gəlmək olur. O gün (necə deyərlər, müsəlmanın o günü) AzTV-nin xəbərlərində deyilirdi ki, ölkədə işsizlik 0,5, inflyasiya 1,3 faizdir. Həmin rəqəmlərin yerini dəyişib bir qərara gəldim: Azərbaycanda işsizlik 50, inflyasiya 31 faizdir. Özəl telekanallarda bu da yoxdu. Yağış sularından danışa-danışa kanalizasiya bataqlığına düşüblər.
Bu gün Azərbaycan telekanalları “Komedixana”dakı Qılman Uzman Hoca personajının ekvivalentidir. Dayanacaqda, fermada, gölməçədə pasiyentlərini qəbul edən, başı ağrıyana mədə, ürək xəstəsinə bağırsaq dərmanı məsləhət görən və hər dəfə də döyülən, təhqir olunan Qılman hocayla televiziyaların proqramları düz mütənasibdir. Sanki bir almanı iki yerə bölmüsən.
Ramin Deko